
ABŞ Müdafiə Nazirliyi İsveçrəni Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmə olacağı barədə rəsmi şəkildə xəbərdar edib.
32gun.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının rəsmi saytında məlumat yer alıb.
Qeyd olunur ki, tədarük planına əsasən İsveçrəyə 2027-ci ildən etibarən göndərilməsi nəzərdə tutulan beş ədəd Patriot sistemi indi təxirə salınır. Səbəb kimi bu sistemlərin Ukraynaya təcili çatdırılması ehtiyacı göstərilib.
“ABŞ Müdafiə Nazirliyi İsveçrə Müdafiə Nazirliyinə bildirib ki, Patriot sistemlərinin tədarük prioritetləri Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün yenidən nəzərdən keçirilib. İsveçrə də bu dəyişikliklərdən təsirlənib”, – deyə açıqlamada vurğulanıb.
Hələlik gecikmənin neçə sistemə şamil olunacağı, raketlərin tədarükünün bu dəyişiklikdən təsirlənib-təsirlənməyəcəyi və ümumilikdə təxirə salmanın nə qədər davam edəcəyi barədə İsveçrə tərəfinin məlumatı yoxdur.
Xatırladaq ki, 2022-ci ildə İsveçrə hökuməti ABŞ ilə 36 ədəd F-35A qırıcı təyyarəsi və beş Patriot zenit-raket kompleksi almaq barədə razılıq əldə etmişdi. Həmin sistemlərin 2026-cı ildən etibarən İsveçrəyə çatdırılması planlaşdırılırdı.
Qeyd edək ki, bu ilin 14 iyul tarixində ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni silah və texnika, o cümlədən Patriot zenit-raket komplekslərinin göndəriləcəyini açıqlayıb. O, bu texnikanın Ukraynanın müdafiəsi üçün vacib olduğunu vurğulayıb və Rusiya Prezidenti Vladimir Putinin “gözəl danışdığını, amma gecələr hamını bombaladığını” bildirib.
Nilay