
ABŞ-lı terapevt həkim Rostislav İqnatov, yuxu üzrə mütəxəssis Meqan Layons və psixoloq Marissa Alert yuxusuz gecədən sonra hansı vərdişlərin sağlamlıq üçün zərərli ola biləcəyini açıqlayıblar.
32gun.az xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb.
Terapevt İqnatov bildirib ki, belə günlərdə bədənin özünü toparlaması üçün düzgün qidalanma əsas rol oynayır. O, tərəvəz və göyərti əsasında hazırlanan yeməkləri, eləcə də yağsız zülal mənbələri – yumurta, toyuq əti və yunan yoqurtunu tövsiyə edib. Həkim eyni zamanda desertlər və fastfuddan uzaq durmağın vacibliyini vurğulayıb.
Yuxu mütəxəssisi Meqan Layons isə bildirib ki, qəhvə müəyyən miqdarda faydalı ola bilər, lakin yuxusuzluqdan sonra bu içki ilə ehtiyatlı davranmaq lazımdır. Onun sözlərinə görə, oyanışdan 60-90 dəqiqə sonra yalnız bir fincan şəkərsiz qəhvə içmək məsləhətdir.
“Qəhvə əvvəlcə oyadır, lakin çox miqdarda qəbul edildikdə əks effekt yaradır. Şəkər isə qlükoza səviyyəsini oynadır, bu da əhvalın dəyişməsinə və artıq qidalanmaya səbəb olur”, – deyə Layons əlavə edib.
Həmçinin, o, yuxusuzluqdan sonra intensiv fiziki məşqlərdən çəkinməyi məsləhət görüb. Bunun əvəzinə yüngül səhər gimnastikası, yoqa və ya açıq havada gəzişmə faydalı ola bilər.
Psixoloq Marissa Alert isə qeyd edib ki, bədənin yuxu rejimini bərpa etməsi üçün növbəti gün adəti üzrə yatmaq vacibdir. Onun fikrincə, yorğunluğa baxmayaraq, daha erkən yatmaq yuxunun bölünməsinə və narahat keçməsinə səbəb ola bilər, çünki orqanizm müəyyən bir rejimə uyğunlaşmış olur.
Nilay