
Rusiyanın ən tanınmış İT iş adamlarından biri, IBS şirkətinin qurucusu Sergey Matsotski barəsində rüşvət vermə ittihamı ilə cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib.
32gun.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Moskvanın Basman rayon məhkəməsi iş adamının qiyabi həbsi barədə qərar çıxarıb. Lakin istintaq orqanlarının məlumatına görə, Matsotski hazırda ölkə hüdudlarından kənarda gizlənir.
1992-ci ildə təsis etdiyi IBS şirkətindən 2020-ci ildə ayrılan Matsotski daha sonra bir neçə İT şirkətini birləşdirən “GS-İnvest” holdinqini yaradıb. IBS isə Rusiya bazarında İT konsaltinqi, biznes tətbiqlərinin inteqrasiyası, proqram təminatı hazırlanması və autsorsinq sahəsində ən böyük şirkətlərdən biri hesab olunur.
Qeyd edək ki, bundan əvvəl İrkutsk vilayətində Ust-Kut mahalının sabiq rəhbəri Aleksandr Duşin külli miqdarda rüşvət alma və Ust-Kutun merinin birinci müavininə ağır xəsarət yetirmə ittihamı ilə məhkum edilmişdi.
Nilay