ÖZ XƏBƏR

Adı sabiq nazir və millət vəkili ilə hallanan "tenderlər kralı" bu dəfə Sumqayıtda qalib oldu

Sumqayıt Şəhər İcra Hakimiyyəti “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsi üzrə məişət tullantılarının yığılması məqsədilə dəmir konteynerlərin satınalınması üçün tender keçirib.

32gun.az-a daxil olan məlumata görə, tenderin qalibi "SAFARI" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 798.624 (yeddi yüz doxsan səkkiz min altı yüz iyirmi dörd) manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Araşdırmalar zamanı məlum olub ki, nizamnamə kapitalı cəmi 20 manat olan bu şirkətin qanuni təmsilçisi VERDİXANOV MÜBARİZ EYGÜN OĞLUdur. Qeyd edək ki, onun fiziki şəxs olaraq dövlətə 63.495,56 manat vergi borcu var və bu səbəbdən ölkədən çıxışına da məhdudiyyət qoyulduğu iddia olunur.

Mübariz Verdixanov mediada tez-tez “tender kralı” kimi təqdim olunur. O, Quba və Qusar rayonlarında fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin də qalibi olub.

Məlumatlara görə, Mübariz Verdixanov eyni zamanda sabiq millət vəkili Asya Manafova və sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri ilə əlaqəli bir neçə şirkətə də rəhbərlik edir. Belə ki, 22 sentyabr 2008-ci ildə Asya Manafovanın qardaşı Mikayıl Manafov və Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov “Safari Bak Upak” adlı şirkət yaradıblar. Hazırda bu şirkətin (VÖEN- 4700270251) qanuni təmsilçisi də elə Mübariz Verdixanovdur.

Xatırladaq ki, Mikayıl Manafov vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Quba-Qusar Ərazi İdarəsinin direktor müavini olub və 2010-cu ildə Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələri ilə ittiham edilərək 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib.

Mübariz Verdixanov həm də 1999-cu ildə təsis olunan “Safari” MMC-nin (VÖEN- 4700020861) və 2001-ci ildə yaradılan “Pioneer” tam ortaqlıq şirkətinin (VÖEN- 4700023101) qanuni təmsilçisidir.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Ayaz 

Oxşar Xəbərlər