Türkiyənin Trabzon vilayətinin Beşikdüzü mahalında dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma mərhələsində olan 30 yaşlı Ali Eren S., 27 yaşlı həyat yoldaşı Sinem S.-ni odlu silahla qətlə yetirib. Hadisə yerinə gələn mühafizəçilərdən biri də silahlı şəxs tərəfindən yaralanıb. Şübhəli şəxs hadisədən sonra motosikletlə qaçaraq izini itirib.
Hadisə saat 22:40 radələrində Adacık məhəlləsində baş verib. Məlumata görə, haqqında uzaqlaşdırma qərarı olan Ali Eren S., həyat yoldaşı Sinem S.-nin yaşadığı evə gedib. Cütlük arasında başlayan mübahisə qısa müddətdə şiddətlənib və Ali Eren S. odlu silahdan istifadə edərək Sinem S.-yə atəş açıb. Qadın hadisə yerində ağır yaralanıb.
Silah səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə polis, mühafizə və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Silahlı şəxs hadisə yerinə gələn mühafizəçilərə də atəş açaraq birini yaralayıb və motosikletlə qaçıb. Yaralı mühafizəçi və Sinem S. xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, Sinem S.-nin həyatını xilas etmək mümkün olmayıb. Yaralı mühafizəçinin isə əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı polis araşdırmalara başlayıb, şübhəlinin axtarışları davam edir.
Ayaz