Suraxanıda hər axşam işıq problemi / Sakinlər Vüqar Əhmədovun sədri olduğu “Azərişıq” ASC-yə səslənir
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində hər axşam təkrarlanan elektrik problemi sakinlərin ciddi narazılığına səbəb olub.
32gun.az xəbər verir ki, Sosial şəbəkədə fəal olan Xələfli Saleh adlı istifadəçi bu barədə paylaşım edərək vəziyyətin dözülməz olduğunu bildirib.
Onun sözlərinə görə, qəsəbədə axşam saatlarında işıqlar tez-tez sönür və bir müddət sonra yenidən verilir. Bu isə məişət avadanlıqlarının sıradan çıxmasına və gündəlik həyatın pozulmasına səbəb olur:
"Hər gün eyni mənzərə. Axşamlar işıqlar gedir, sonra bir də gəlib-gedir. Bu nə qədər belə davam edəcək? Azərişıq ASC bu problemi nə vaxt həll edəcək?" – deyə o, sual edir.
Sakinlər artıq dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin problemin davam etdiyini bildirirlər.
Qeyd edək ki, Azərişıq ASC son illərdə bir sıra infrastruktur yenilənməsi həyata keçirdiyini açıqlasa da, bəzi bölgələrdə, xüsusilə də Bakıətrafı qəsəbələrdə fasiləli enerji təchizatı ilə bağlı şikayətlər səngimək bilmir. Yeni Suraxanı sakinləri qurumdan problemin nə vaxt və necə həll olunacağına dair rəsmi açıqlama gözləyir.
Ayaz