DÜNYA ÖZ XƏBƏR

Donald Tramp Apple şirkətinin ABŞ-a yönəlmiş yeni investisiya planlarını açıqlayacaq

ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 03:30) Apple şirkətinin yeni investisiya planları ilə bağlı bəyanat verəcək.

32gun.az xəbər verir ki, bu barədə Ağ Evə istinadən RİA Novosti məlumat yayıb.

Ağ Evin mətbuat katibinin köməkçisi Teylor Rodcers bu razılaşmanı Amerikanın sənaye sahəsində daha bir qələbəsi və ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.

Adının açıqlanmasını istəməyən administrasiya rəsmisinin sözlərinə görə, növbəti dörd il ərzində Apple-ın ABŞ iqtisadiyyatına ümumi istehsal yönümlü investisiyalarının həcmi 600 milyard dolları keçəcək. Şirkət istehsal zəncirinin bəzi mərhələlərini ABŞ-a köçürməyi planlaşdırır.

Ağ Evin məlumatına əsasən, Apple ABŞ-da minlərlə podratçı və tərəfdaş vasitəsilə 450 min amerikalıya iş imkanı yaradır.

Bundan öncə Bloomberg agentliyi yazmışdı ki, Tramp 6 avqust tarixində Apple ilə yeni tərəfdaşlıq mərhələsini elan etməyi planlaşdırır. Bu çərçivədə texnologiya nəhəngi ABŞ ərazisindəki istehsal bazasını genişləndirmək üçün əlavə 100 milyard dollarlıq investisiya yatıracaq.

Qeyd olunur ki, bu yeni investisiya proqramı Apple-ın təchizat zəncirinin ciddi şəkildə lokallaşdırılmasını və montaj, istehsal mərhələlərinin böyük hissəsinin ABŞ-a keçirilməsini nəzərdə tutur. Proqramın detalları Trampın rəsmi çıxışı zamanı açıqlanacaq.

Ayaz 

Oxşar Xəbərlər