DÜNYA ÖZ XƏBƏR

Ən azı 16 bölgədən olan HİV xəstələri diaqnozdan imtina etdi / Rusiyada

2025-ci ilin əvvəlindən Rusiyanın 16 regionunda HİV diaqnozu olan vətəndaşlar virus yükü və immun statusunun müntəzəm diaqnostikasından imtina halları ilə qarşılaşıblar.

32gun.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.Sözügedən müayinələr xəstəliyin gedişinə nəzarət və müalicənin effektivliyinin qiymətləndirilməsi üçün vacib hesab olunur. Göstərilən dövrdə diaqnostika hüququnun pozulması ilə bağlı 40-dan çox şikayət qeydə alınıb.

Pasiyentlərin nümayəndələri regionlarda lazımi reaktiv və avadanlıq çatışmazlığının yerli hakimiyyət tərəfindən gizlədildiyini bildiriblər. Federal ekspertlər isə QİÇS-lə mübarizə və profilaktika mərkəzlərinin maliyyələşməsinin kəskin azaldığını, bu səbəbdən testlərin ciddi şəkildə məhdudlaşdırıldığını vurğulayıblar.

Bir sıra mərkəzlərin baş həkimləri də çatışmazlığı etiraf edərək, alınan diaqnostik dəstlərin həcminin azaldığını bildiriblər. Ən ağır vəziyyət Başqırdıstan və Leninqrad mahalında müşahidə olunur – burada təchizat səviyyəsi tələb olunanın yalnız üçdə birini təşkil edir.

Rəsmilərin fasiləsiz təminatla bağlı açıqlamalarına baxmayaraq, çoxlu sayda pasiyent hələ də vacib müayinələri vaxtında keçirə bilmədiklərini deyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal ağır fəsadlar və antivirus terapiyasının effektivliyinin azalmasına səbəb ola bilər.

Ayaz 

Oxşar Xəbərlər