DÜNYA ÖZ XƏBƏR

Tramp ABŞ-Rusiya Sammiti öncəsi Zelenskiyə və Aİ liderlərinə zəng edəcək

ABŞ Prezidenti Donald Tramp 13 avqustda Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışığı aparacaq.

32gun.az xəbər verir ki, bu barədə Almaniya kanslerinin mətbuat xidməti Reuters-ə məlumat verib.

Bildirilib ki, telefon danışığı Kiyev vaxtı ilə saat 15:00-da (Moskva vaxtı ilə eyni) baş tutacaq. Görüşdə Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Avropa İttifaqının rəhbərləri, həmçinin NATO Baş katibi Mark Ryutte iştirak edəcək.

Məlumata görə, Tramp ilə telefon danışığından sonra “İstəkli koalisiyası”nın onlayn görüşü keçiriləcək. “İstəkli koalisiyası” — əsasən Avropa ölkələri olmaqla 30-dan çox dövlətin birliyidir və bu ölkələr münaqişə başa çatdıqdan sonra Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə biləcəklərini istisna etmirlər.

Qeyd edək ki, 15 avqustda Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada danışıqlar aparacaqlar. Görüşün əsas mövzusu Ukraynada sülh olacaq. Müzakirələrə ərazilərin dəyişdirilməsi və Kiyevin NATO-ya üzvlükdən imtinası kimi təkliflərin daxil ola biləcəyi bildirilir.

Ayaz 

Oxşar Xəbərlər