Oyuncaq bazarında monopolist- "Super Toys"un anbarı niyə yandı?
Xəbər verildiyi kimi bu gün “Sədərək” Ticarət Mərkəzində güclü yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub.
Şirkətin həmin anbarı icarəyə götürdüyü deyilir. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb.
32gun.az Musavat.com-a istinadən xəbər verir ki, “Super Toys” oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Maraqlıdır ki, şirkətin rəsmi səhifəsində onların Azərbaycan oyuncaq bazarında 2017-ci ildən etibarən rəsmi olaraq tək fəaliyyət göstərdiyi (monopolist demək olar) bildirilir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.
Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrasikl, skuter, moped, velosiped, motosiklet, park atraksionları kimi elektron və əyləncə məhsulları da müştərilərə təklif edilir. Dünyanın müxtəlif ölkələrindən- Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.
Mağazalar şəbəkəsində nağd ödəniş üsulu ilə bərabər, kreditlə və taksit kartları ilə ödəmə imkanları da mövcuddur. Ölkənin istənilən bölgəsinə çatdırılma xidməti də var. Şirkətin mollardan başqa Binə və Abşeron ticarət mərkəzlərinin də mağazaları var.
“Super Toys” bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Onların arasında dövlət qurumları, holdinglər, banklarla yanaşı, baxçalar, məktəblər və müxtəlif müəssisələr yer alır