Baş prokurorluğun cərimələdiyi şirkətə bu dəfə DVX də sanksiya tətbiq etdi
“Billur Firması”na qarşı iki maliyyə sanksiyası tətbiq edilib.
32gun.az xəbər verir ki, Operativ vergi nəzarəti üzrə aparılan yoxlamalar zamanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına görə 6,50 manat, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbindən isə 1000 manat maliyyə sanksiyası kəsilib.
Hüquqi ünvanı AZ6014, Tovuz rayonu, Əyyublu olan şirkətin qanuni təmsilçisi İlham Dəmirov Kamıl oğludur. Şirkətin nizamnamə kapitalı 18.630,79 AZN təşkil edir.
Xatırladaq ki, bir müddət öncə Baş Prokurorluq tərəfindən “Billur Firması”nın işçinin əmək hüquqlarını pozması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, şirkət əmək müqaviləsi bağlanmadan Tovuz rayonu ərazisində yerləşən “Billur Petrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işlərin yerinə yetirilməsinə işçini cəlb edib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş açılıb və aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində cərimə olunub.
Eyni zamanda, Cəmiyyətin direktoru İlham Dəmirov barəsində də həmin maddə üzrə icraat aparılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib. Vəzifəli şəxs 3.000 manat məbləğində cərimə edilib.
Ayaz