Apple və Samsung Çin texnologiya şirkəti Xiaomi-yə qarşı Hindistanda həyata keçirilən reklam kampaniyasını dayandırmaq tələbi ilə müraciət edib. Kampaniyada bu brendlərin məhsulları birbaşa Xiaomi cihazları ilə müqayisə olunur.
32gun.az xəbər verir ki, bu barədə The Economic Times məlumat yayıb.
Xiaomi-nin reklam kampaniyası həm ənənəvi, həm də rəqəmsal mediada Hindistan üzrə geniş yayılıb. The Economic Times qəzetinin birinci səhifəsində Xiaomi Pad 7 planşetinin iPad Pro ilə birbaşa müqayisəsini əks etdirən reklam yerləşdirilib. Reklamda “Think different? Think again” (“Düşünürsən fərqli? Yenidən düşün”) başlığı istifadə olunub ki, bu da Apple-ın məşhur “Düşün fərqli” şüarına istinad edir.
Sosial şəbəkələrdə də banerlər yayımlanıb, burada iPhone 16 Pro Max kamerası Xiaomi 15 Ultra ilə müqayisə edilərək üstünlük Çin istehsalı cihazına verilib. Xiaomi eyni strategiyanı Samsung-un bir neçə modelinə qarşı da tətbiq edib və onları sosial mediada birbaşa tənqid edib.
Apple və Samsung-un rəsmi açıqlamalarında bu kampaniya “alaycı və təhqiramiz” kimi qiymətləndirilib və Xiaomi kampaniyadan əl çəkməsə, hüquqi addımlar atılacağı bildirilib.
Hindistan qanunvericiliyinə görə, müqayisəli reklam mümkündür, lakin müqayisə obyektiv, faktiki olmalı və alayçı və ya təhqiramiz xarakter daşımamalıdır. Ekspertlərin fikrincə, Xiaomi-nin hərəkətləri qanun çərçivəsində incə bir həddədir və mümkün məhkəmə prosesi istehlakçı elektronikasında reklam etikası sərhədlərinin müəyyənləşdirilməsi üçün presedent ola bilər.
Ayaz