DÜNYA ÖZ XƏBƏR

Araşdırma: “Z nəsli” dünyada ən bədbəxt yaş qrupu hesab olunur

ABŞ və Böyük Britaniya alimləri müəyyən ediblər ki, 18–24 yaş aralığında olan insanlar – yəni “Z nəsli” (zumerlər) – 46 ölkədə ən bədbəxt yaş qrupu sayılır.

32gun.az xəbər verir ki, bu nəticələr Dartmut Kolleci (ABŞ, Nyu-Hempşir) və London Universitet Kollecinin apardığı tədqiqatdan əldə olunub. Məlumatı De Telegraaf yayıb.

Araşdırma əvvəlki elmi nəticələri təkzib edir. Əvvəllər alimlər xoşbəxtlik səviyyəsinin əsasən orta yaş dövründə, təxminən 40 yaşlarda, kəskin şəkildə azaldığını bildirirdilər.

Tədqiqatçılar “Z nəsli” arasında xoşbəxtliyin niyə aşağı düşdüyünü dəqiq izah edə bilməsələr də, bir sıra səbəblərə diqqət çəkiblər. Onların sözlərinə görə, zumerlərin əhəmiyyətli hissəsi məktəbə davamiyyət problemi yaşayır, işdən tez-tez erkən ayrılır və psixi sağlamlıqla bağlı çətinliklərə görə gündəlik həyatlarını idarə etməkdə çətinlik çəkirlər.

Məlumata əsasən, bu nəsil nümayəndələrinin 48 faizi psixi sağlamlıq problemləri ilə üzləşmək riski daşıyır ki, bu da alimlərdə ciddi narahatlıq doğurur.

Araşdırma həmçinin göstərib ki, 45–70 yaşlı insanlar özlərini ən xoşbəxt hiss edən qrupdur. Alimlərin sözlərinə görə, onların psixi sağlamlıq göstəriciləri zumerlərə nisbətən xeyli daha yaxşıdır.

Nilay 

Oxşar Xəbərlər