ÖZ XƏBƏR

ANAMA 700 ədəd mina xəbərdaredici lövhə üçün 680 min manatlıq tender keçirir

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) maarifləndirmə və təhlükəsizlik tədbirləri çərçivəsində yeni tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın predmetinə ölçüləri 180x120 sm olan 700 ədəd mina xəbərdaredici lövhənin quraşdırılması daxildir. Layihənin ümumi dəyəri 679.648,75 manat olaraq göstərilib.

Texniki şərtlərə əsasən, lövhələrin çərçivəsi 40x20 mm ölçülü qaramtıl metal profillərdən hazırlanacaq, toz boya ilə rənglənəcək və üzərinə 18 mm qalınlığında dikt bərkidiləcək. Daha sonra diktin üzərinə UV və ya ES çap texnologiyası ilə hazırlanmış xəbərdaredici banner çəkiləcək. Lövhələr sinklənmiş bucaq yaşmaqla möhkəmləndiriləcək və 3,5 metr uzunluğunda, 75 mm diametrli metal borular vasitəsilə dayaqlara boltla sabitlənəcək. Hər lövhənin yerdən hündürlüyü 1,6 metr olacaq.

Quraşdırma zamanı çalaların qazılması, dirəklərin 70 sm dərinlikdə 200 marka betonla möhkəmləndirilməsi, armaturların qaynaq edilməsi və relyef çətinlikləri ilə bağlı nəzərə alınmayan əlavə işlər də layihəyə daxildir.

Tender çərçivəsində ümumilikdə 1.400 ədəd metal boru, 156,8 kubmetr beton və 840 metr armatur istifadə olunacaq.

Ayaz

Oxşar Xəbərlər