Beynəlxalq miqyasda aparılan və 2 milyondan çox insanı əhatə edən yeni araşdırma göstərib ki, alkoqolun istənilən miqdarda qəbulu demensiya riskini yüksəldir. Əvvəllər az və ya orta dərəcədə spirtli içki qəbulunun beyni qismən qoruduğu düşünülürdü, lakin yeni nəticələr bu fikri təkzib edib.
32gun.az xəbər verir ki, tədqiqatın nəticələri BMJ Evidence Based Medicine jurnalında dərc olunub.
Araşdırmada ABŞ və Böyük Britaniyadan yarım milyondan çox insanın sağlamlıq göstəriciləri, həmçinin 2,4 milyon nəfərin genetik məlumatları təhlil olunub.
Müşahidə mərhələsində “U formalı effekt” qeydə alınıb: alkoqoldan tamamilə imtina edənlərdə və həddindən artıq içki qəbul edənlərdə demensiya riski daha yüksək olub, orta dərəcədə içənlərdə isə nisbətən aşağı. Lakin mendelyevski randomizasiya adlı genetik analiz metodunun nəticələri göstərib ki, risk hər əlavə spirt dozası ilə ardıcıl şəkildə artır və az miqdarda içkinin heç bir “qoruyucu” təsiri yoxdur.
Hesablamalara görə, hər əlavə spirt porsiyası demensiya riskini təxminən 15% yüksəldir. Alkoqol asılılığına genetik meyillilik isə bu riski 16% artırır.
Alimlər onu da müşahidə ediblər ki, sonradan demensiya diaqnozu qoyulan şəxslər bir neçə il əvvəl spirtli içki qəbulunu azaltmış olublar. Bu, əvvəlki araşdırmalarda yanlış təəssürat yaradıb – guya alkoqoldan imtina riski artırır. Halbuki, bu, demensiyanın erkən əlamətlərindən qaynaqlanıb.
“Əldə etdiyimiz nəticələr, az miqdarda alkoqolun beyin üçün faydalı olması barədə yayılmış fikri ciddi şəkildə şübhə altına alır. Əksinə, hətta kiçik dozalar belə demensiya riskini yüksəldə bilər”, – deyə müəlliflər bildiriblər.
Tədqiqatçıların hesablamasına görə, alkoqol asılılığı olanların sayını iki dəfə azaltmaq mümkün olarsa, demensiya halları da 16% azala bilər.
Ayaz