ABŞ Prezidenti Donald Tramp bəzi növ idxal olunan yük avtomobillərinə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
32gun.az xəbər verir ki, o bu barədə Truth Social sosial şəbəkəsində məlumat verib.
Tramp bildirib ki, 2025-ci il noyabrın 1-dən etibarən ölkəyə gətirilən orta və ağır tonnajlı yük avtomobillərinə 25 faiz tarif qoyulacaq:
“1 noyabr 2025-ci ildən ABŞ-a gətirilən bütün orta və ağır yük avtomobillərinə 25 faizlik tarif tətbiq ediləcək. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, — deyə o vurğulayıb.
Qeyd edək ki, 29 sentyabrda Tramp ABŞ ərazisində mebel istehsalı olmayan ölkələrə qarşı da “əhatəli gömrük rüsumları” tətbiq etmək niyyətində olduğunu bildirmişdi.
Həmin gün o, xaricdə istehsal olunan kinofilmlərin idxalına da 100 faiz rüsum qoyulacağını elan etmişdi. Prezidentin sözlərinə görə, film sənayesi “digər ölkələr tərəfindən ABŞ-dan uşaqdan konfet alar kimi oğurlanıb” və bu problemi aradan qaldırmaq üçün sərt tədbirlər görüləcək.
Tramp əlavə edib ki, Vaşinqton idxal rüsumlarından artıq 200 milyard dollardan çox gəlir əldə edib.
Ayaz