"AGA" şirkətlər qrupuna daxil olan "Demirçi Development" MMC barəsində aparılan səyyar vergi yoxlamalarının nəticələri açıqlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, Yoxlamalar nəticəsində şirkətə 155 228,17 manat əlavə vergi, həmçinin 77 614,09 manat maliyyə sanksiyası tətbiq edilib.
Beləliklə, ümumilikdə "Demirçi Development" MMC-yə 232 min manatdan artıq məbləğdə vergi öhdəliyi müəyyən olunub.
Nizamnamə kapitalı 639 282 AZN olan MMC-nin qanuni təmsilçisi Hikmət Kamal oğlu Bağmanovdur. O, eyni zamanda Qax və Şəki rayonları ərazisində, o cümlədən də Biləcik kəndi ərazisində fındıq bağlarının salınması ilə məşğul olan “Monte Ferro” MMC-nin də qanuni təmsilçisidir. Hər iki MMC "AQA Şirkətlər Qrupu"na daxildir. Qrupun vitse-prezidenti Qafar Dəmirçidir
Xatırlatmaq ki, 11 dekabr 2024-cü ildə Qafar Dəmirçi və «Monte Ferro» şirkətinin 3 işçisi qanunsuz ağac kəsməyə görə həbs edilmişdi. 19 dekabrda zərər ödənildikdən sonra onlar azadlığa buraxılıb.
"AQA Şirkətlər Qrupu"nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə plazalar - "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və başqaları daxildir. Bundan əlavə şirkət maliyyə ("Ferrum Capital" və "Caspian Audit"), kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"), informasiya texnologiyaları ("Bravo Online Systems"), turizm və hotelçilik ("Da Vinci" və "Caspian Palace" hotelləri) sahələrində də fəaliyyət göstərir.
Ayaz