Aqrar Xidmətlər Agentliyi 66 min manatlıq kreslo alışı həyata keçirir – qalib şirkətə vergi sanksiyası tətbiq edilib
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki mərkəzlər üçün rəhbər, işçi və müsafir kreslolarının satın alınması üzrə keçirilən tenderin qalibi “Foriella” MMC olub. 32gun.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında 66 115,4 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.
Satınalma çərçivəsində 45 ədəd rəhbər kreslosu, 292 ədəd işçi kreslosu və 30 ədəd müsafir kreslosunun alınması nəzərdə tutulur. Kreslolar texniki göstəricilərinə görə tənzimlənən mexanizmlərlə təchiz olunmuş, poliüretan materiallardan hazırlanmış, xrom ayaqlı və torlu arxalı formalarda olacaq. Hər bir kreslo orta hesabla 120 kiloqramadək çəki götürmə qabiliyyətinə malikdir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, qalib şirkət – “Foriella” MMC, vergi nəzarəti zamanı qanun pozuntusuna yol verib. Belə ki, operativ vergi nəzarəti çərçivəsində POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulu ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmaması faktına görə şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Şirkətin nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi isə Fərman İslamlı Fərrux oğludur.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.
Ayaz