DOST Agentliyinin avtomobil alışı tenderi ləğv edildi
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) xidməti minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi tender prosedurunu ləğv edib.
32gun.az xəbər verir ki, satınalmanın ləğv edilməsinə səbəb təklif və təminat təqdim edən, eyni zamanda tələb olunan hallarda müvafiq lisenziyaya malik təchizatçıların sayının üçdən az olması olub. Bu qərar “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən qəbul edilib.
Tenderin ehtimal olunan məbləği 42.900 manat idi.
Şərtlərə əsasən, agentlik ağ rəngli, 2025-ci il istehsalı olan, Avro 6 standartlı, 190 at gücünə malik, CVT transmissiyalı, hibrid və ya benzinlə işləyən xidməti avtomobil almağı planlaşdırırdı. Nəzərdə tutulan avtomobilin iki zonalı klimat kontrolu, kruiz kontrol, sükan üzərində idarəetmə sistemi, təhlükəsizlik yastıqları və toqquşmadan əvvəl əyləcləmə sistemi kimi bir sıra müasir funksiyalarla təchiz olunması tələb edilirdi.
Qeyd edək ki, satınalma 1 ədəd xidməti minik avtomobilinin alınmasını nəzərdə tuturdu.
Ayaz