ÖZ XƏBƏR

Ağdamda “Kadastr sənədlərində saxtakarlıq” iddiası / məhkəmə iddianı rədd etdi

Ağdam Rayon Məhkəməsində torpaq mübahisəsi zəminində mənəvi zərərin ödənilməsi tələbi üzrə işə baxılıb.

32gun.az xəbər verir ki, iş üzrə iddiaçı qonşusu olan şəxsin onun haqqında “Kadastr sənədlərini saxtalaşdırıb torpağı zəbt edib” kimi ifadələr işlədiyini bildirib və bu sözlərin ləyaqətini alçaltdığını iddia edib.

O, cavabdehin dövlət qurumlarına — o cümlədən Kadastr və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər göndərdiyini, həmin müraciətlərdə özünün “qanunsuz torpaq sahibi” kimi təqdim olunduğunu qeyd edib.

İddiaçı məhkəmədən cavabdehin bu hərəkətlərini böhtan kimi tanımağı, ondan rəsmi üzr istəməsini və mənəvi zərərin ödənilməsi üçün 1000 manat kompensasiya verilməsini tələb edib.

Lakin məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlib ki, cavabdeh yalnız öz vətəndaşlıq hüququndan istifadə edərək Kadastr orqanlarına müraciət edib və bu müraciətlər diffamasiya (böhtan) tərkibli deyil.

Hakim qərara alıb ki, cavabdehin müraciətləri “Vətəndaşların müraciətləri haqqında” Qanun çərçivəsində həyata keçirilib və burada mənəvi zərər doğuran hərəkət elementləri mövcud deyil.

Nəticədə Ağdam Rayon Məhkəməsi iddiaçının tələblərini əsassız sayaraq rədd edib.

Qətnaməyə əsasən, qərardan bir ay müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Qərar hakim Mahir Niftəliyevin sədrliyi ilə qəbul olunub.

Ayaz

Oxşar Xəbərlər