ÖZ XƏBƏR

Evdə panik atak keçirəndə nə etməli?

Son illər panik atak halları, xüsusilə gənclər və orta yaşlı insanlar arasında daha çox müşahidə olunur. Qəfil baş verən qorxu, nəfəs darlığı, ürək döyüntülərinin sürətlənməsi və boğulma hissi kimi simptomlarla müşahidə edilən panik ataklar çox zaman insanı “ölüm hissi”nə bənzər bir vəziyyətə salır.

32gun.az mövzunu araşdırıb və bu vəziyyət zamanı ev şəraitində görülə biləcək ilkin tədbirləri və mütəxəssis fikirlərini təqdim edir.

Panik atak zamanı nə baş verir?
Panik atak zamanı bədəndə adrenalin kəskin şəkildə yüksəlir, ürək döyüntüsü artır, nəfəsalma ritmi pozulur. Bu, əslində bədənin “döyüş və ya qaç” reaksiyasıdır. Amma təhlükə real olmadığından, insan nə edəcəyini bilmədən ciddi qorxu hissi keçirir.

Təcili, kritik anda nə etmək lazımdır?
Mütəxəssislərin fikrincə, panik atak zamanı ilk və ən vacib addım bədəni və beyni sakitləşdirməkdir.

Dərin nəfəs alın və verin: 4 saniyə dərindən nəfəs alıb, 4 saniyə saxlayın və 6 saniyəyə qədər yavaş-yavaş verin.

Ətrafınızı müşahidə edin: Otaqda gördüyünüz 5 əşyanı, eşitdiyiniz 4 səsi, toxunduğunuz 3 səthi təsvir edin. Bu üsul beyninizi qorxu düşüncəsindən ayırır.

Özünüzə deyin: “Bu bir panik atakdır, keçəcək, təhlükədə deyiləm.”

Pəncərəni açın və təmiz hava alın.

Tək deyilsinizsə, yaxınınızdan sakit şəkildə sizinlə danışmasını, diqqətinizi yayındırmasını xahiş edin.

Əgər 10–15 dəqiqə ərzində vəziyyət sabitləşmirsə, təcili yardım çağırmaq vacibdir.

Hansı yaş aralıqları daha çox risk altındadır?
Psixoloqların müşahidələrinə görə, panik atak hallarının ən çox yayıldığı yaş aralığı 20–45 yaş arası insanlardır. Gənc yaşlarda bu hallar adətən stress, sosial təzyiq və iş yükü ilə bağlı olur, yaş artdıqca isə xroniki yorğunluq və sağlamlıq narahatlıqları ilə əlaqələndirilir.

Ekspert rəyi

32gun.az-a bildirib ki, panik atak “zehni təlatümün bədənin dili ilə ifadəsidir”:

“Panik atak zamanı bədən sanki beyinə ‘dayan, artıq çox gərginlik yığmısan’ siqnalı verir. Bu zaman insan ilk növbədə vəziyyəti qəbul etməli, onu gizlətməməli və təkrar hallarda psixoloqa müraciət etməlidir. Evdə tək olanda isə nəfəs və diqqət məşqləri həyati dərəcədə önəmlidir.”

Psixoloqun sözlərinə görə, bəzi insanlar panik atakı “ürək xəstəliyi”, “insult” və ya “ölüm qorxusu” ilə səhv salır, bu da vəziyyəti daha da ağırlaşdırır:

“Əslində panik atak həyati təhlükə daşımır. Sadəcə, bədən qorxunu real təhlükə kimi qəbul edir. Bu halda insanın fikrini dəyişdirməsi və özünü təhlükəsiz mühitdə hiss etməsi vacibdir. Məsələn, pəncərəni açmaq, bir stəkan su içmək, yüngül hərəkət etmək və ya sakit musiqi dinləmək beyni real vəziyyətə qaytarır.”

Psixoterapevt Ramil Həsənov isə bildirir ki, panik atakların tez-tez təkrarlanması artıq psixoloji müdaxilə tələb edir:

“Əgər panik atak ayda bir neçə dəfə baş verirsə, bu, artıq narahatlıq pozğunluğu əlamətidir. Belə hallarda psixoloq və ya psixiatr yardımı mütləqdir. Çünki bəzən bu vəziyyət depressiya, qorxu sindromu və yuxusuzluqla birgə inkişaf edir. Müalicə psixoterapiya, nəfəs texnikaları və bəzi hallarda dərman dəstəyi ilə mümkündür.”

Nəticə odur ki...
Panik atak həyati təhlükə yaratmasa da, vaxtında düzgün reaksiya verilmədikdə xroniki qorxu və narahatlıq pozğunluğuna çevrilə bilər. Bu səbəbdən bu halların təkrarlanması zamanı mütəxəssisə müraciət etmək, eyni zamanda düzgün nəfəs, fiziki aktivlik və yuxu rejiminə əməl etmək tövsiyə olunur.

Nilay Özsöz

Oxşar Xəbərlər