Rusiyanın Saratov şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə bağlı rüşvət qalmaqalı baş verib. Saratov DYP-nin iki əməkdaşı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Fakt region üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən aşkarlanıb.
32gun.az bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə ikinci şöbəsi tərəfindən Saratov şəhəri üzrə DİN Baş İdarəsinin tərkibində fəaliyyət göstərən DYP-nin rəhbər vəzifə tutan iki əməkdaşı barəsində cinayət işi başlanıb.
İlkin məlumata görə, şübhəli şəxslər son bir neçə il ərzində tabeliklərində olan əməkdaşlardan xidməti himayə və vəzifə səlahiyyətlərindən sui-istifadə qarşılığında ümumilikdə azı 1 milyon rubl məbləğində rüşvət alıblar. Hazırda onlarla bağlı həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Saratov polisi isə bildirib ki, baş verən hadisə ilə əlaqədar qurumun rəhbərliyi tərəfindən xidməti yoxlama aparılacaq. Əməkdaşların təqsiri sübuta yetirilərsə, onlar daxili işlər orqanlarından xaric ediləcək və qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Ayaz