265 min manatlıq təmir: su süzgəcləri niyə bu vəziyyətə salınıb?
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi “TİMEX MEGA SVF 40000” markalı 200 mikronluq süzgəclərin əsaslı təmiri üçün satınalma həyata keçirməyə hazırlaşır.
32gun.az xəbər verir ki, satınalmanın dəyəri 265.818,60 AZN məbləğindədir.
Açıqlanan texniki siyahı isə ciddi suallar doğurur. Sənədlərə əsasən, süzgəclərin qapaqları və üst hissələri tamamilə paslanıb, bolt yuvalarının yivləri sıradan çıxıb, rezin araqatlar yararsız hala düşüb. Bu isə sözügedən avadanlıqlara vaxtında texniki qulluq göstərilmədiyini açıq şəkildə ortaya qoyur.
Belə ki, hər süzgəcin üzərində olan qapaqlardakı M22 bolt yuvalarının tam sıradan çıxması səbəbindən onların M24 ölçüyə “yenidən açılması”, yüzlərlə paslanmayan bolt və şaybanın dəyişdirilməsi, eləcə də onlarla qapağın pasdan təmizlənərək yenidən izolyasiya olunması və rənglənməsi planlaşdırılır. Bu işlərin həcmi problemin lokal yox, sistemli xarakter daşıdığını göstərir.
Ekspertlərin fikrincə, bu cür vəziyyət uzun müddət nəzarətsiz qalan avadanlığın nəticəsidir və nəticədə dövlət büdcəsi on minlərlə manat əlavə xərclə üz-üzə qalır. Sual yaranır: əgər süzgəclərə vaxtında və düzgün texniki baxış keçirilsəydi, bu qədər bahalı “əsaslı təmirə” ehtiyac qalardımı?
Xatırladaq ki, söhbət iri şəhərlərin su təchizatında istifadə olunan mühüm avadanlıqdan gedir. Belə texniki səhlənkarlıqlar təkcə maliyyə itkisi deyil, həm də içməli suyun keyfiyyəti və təhlükəsizliyi baxımından risk yaradır.
Ortaya çıxan mənzərə bir daha göstərir ki, problem təkcə paslanmış boltlar deyil, nəzarətsiz istismar və zəif idarəetmədir. Bu isə sonda yenə də dövlət və vətəndaş üçün əlavə xərc deməkdir.
Ayaz