Fransanın paytaxtı Parisdə bir kişi metroda bıçaqla hücum edərək üç qadını yaralayıb.
32gun.az bildirir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, hücumlar yerli vaxtla saat 16:15–16:45 aralığında (Moskva vaxtı ilə 18:15–18:45) metronun üç müxtəlif stansiyasında baş verib.
Zərərçəkən qadınlara dərhal ilkin tibbi yardım göstərilib. Onların yüngül xəsarətlər aldığı bildirilir. Polis mənbəsinin sözlərinə görə, yaralanan qadınlardan biri hamilədir.
Videomüşahidə kameralarının köməyi ilə hücum edən şəxs müəyyən edilib. Onun 2000-ci il təvəllüdlü kişi olduğu və əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olduğu açıqlanıb.
Polisdəki mənbə hadisənin terror aktı olmadığını bildirib. İlkin ehtimala görə, hücum «psixoloji cəhətdən qeyri-sabit və ya ən azı emosional tarazlığı pozulmuş bir şəxs» tərəfindən törədilib.
Qeyd edək ki, dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində də ali məktəb tələbəsi müəllimə bıçaqla hücum edib. Polis şübhəlinin “isti izlərlə” saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirildiyini açıqlayıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır, hücumun dəqiq motivləri hələ məlum deyil.
Ayaz