"Apple" səsli köməkçi Siri-nin yenilənmiş versiyasının Google Gemini dil modelləri əsasında işləyəcəyini rəsmi şəkildə təsdiqləyib.
32gun.az xəbər verir ki, Şirkət bu barədə CNBC-yə açıqlamasında məlumat verib və yayılan çoxsaylı sızıntıları doğrulayıb.
Qeyd edək ki, 2025-ci ilin payızında Bloomberg mənbələrə istinadən yazmışdı ki, Apple Google ilə illik təxminən 1 milyard dollar dəyərində Gemini texnologiyalarından istifadə ilə bağlı razılaşma bağlamağa hazırlaşır. Apple-ın rəsmi açıqlamasında bildirilib ki, mövcud variantların təhlilindən sonra Apple Foundation Models-in inkişafı üçün ən uyğun baza məhz Google texnologiyaları hesab edilib.
Bloomberg-in məlumatına görə, bu qərardan öncə Apple OpenAI və Anthropic modellərinin inteqrasiyası, eləcə də Mistral AI və Perplexity şirkətlərinin satın alınması kimi alternativ ssenariləri də nəzərdən keçirib. Nəticədə isə şirkət Google ilə strateji tərəfdaşlığa üstünlük verib.
Strategiyanın yenilənməsi çərçivəsində kadr dəyişiklikləri də baş verib. 2025-ci ilin dekabrında Apple süni intellekt üzrə rəhbər vəzifədə çalışan Con Cannandrea-nın istefasını elan edib. Onun yerinə Amar Subramanya təyin olunub. Subramanya əvvəllər Microsoft-da çalışıb, 2018-ci ilə qədər isə Google-da Gemini layihəsinə rəhbərlik edib.
Bloomberg-in texnologiya icmalçısı Mark Qurmanın 2025-ci ilin noyabrında verdiyi məlumata görə, Gemini-yə keçiddən sonra yenilənmiş Siri-nin təqdimatı 2026-cı ilin yazında, iOS 26.4 versiyası ilə planlaşdırılır.
Ayaz