Azərbaycanda ŞOK olay! Məktəbli oğlan bacısına görə keçmiş sinif yoldaşını bıçaqladı
Gəncə Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan məktəbliyə hökm oxunub.
32gun.az-ın məlumatına görə, buna səbəb məktəblinin əvvəllər birlikdə oxuduğu sinif yoldaşını bıçaqlaması olub.
Təqsirləndirilən şəxs Süleymanın (red. adlar şərtidir) bildirdiyinə görə, dostu Amidlə (red. adlar şərtidir) Gəncə şəhər Ə.Əliyev adına parkda gəzərkən əvvəllər birlikdə oxuduğu Ümid və Azər (red. adlar şərtidir) adlı şəxsləri görüb.
Süleyman ifadəsində qeyd edib ki, görüş zamanı Azər onun haqqında təhqiredici ifadələr işlədərək, bu vaxt parkda nə etdiyi soruşub. Sonradan məlum olub ki, Azər dostu Ümidə, Süleymanın bacısının Camal (red. adlar şərtidir) adlı şəxslə sevgili olduğunu, ona görə də onun yaxşı oğlan olmadığını deyib. Buna əsəbləşən Süleyman Azəri axtarıb tapmağı, həmin söhbətə aydınlıq gətirməyi düşünüb. Azərin nömrəsini axtarıb tapmayanda isə ona "instagram" sosial şəbəkəsindən mesaj yollayaraq, söhbətə çağırıb.
Onlar Ə.Əliyev parkında görüşdükləri zaman yanlarında bir neçə şəxsdə olub. Süleyman Azərdən nə üçün bacısı haqqında artıq-əksik danışmasına aydınlıq gətirməsini istədikdə Azər özündən razı şəkildə danışdığı sözlərə haqq qazandırıb yaxşı etdiyini bildirib. Həmin vaxt dava etməyin və ya danışmağın mənasız olduğunu dərk edən Süleyman kəmərindən bıçağı çıxararaq, Azəri qarın nahiyəsindən bıçaqlayıb və hadisə yerindən qaçıb.
O, evə gələrək baş verənləri ailəsinə danışıb. Süleymanın atası Azərə baş çəkmək üçün xəstəxanaya yollanıb. Daha sonra oğluna zəng vuraraq, bıçağı götürüb Gəncə şəhər Baş Polis İdarəsinə gəlməsini tapşırıb.
İfadəsi zamanı Süleyman bildirib ki, hadisəni törətdiyi vaxt çox həyəcanlı olduğundan Azərə bir bıçaq zərbəsi vurduğu xatirində qalmış, ancaq Azərin bədənində iki bıçaq zərbəsi olduğuna görə hər iki bıçağı da özü vurduğunu düşünüb, çünki orda başqa şəxs olmayıb. Bundan başqa, o, Azərlə barışdığını, onun müalicəsilə bağlı bütün xərclərin ailəsi tərəfindən ödənildiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərib.
Hökmə əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Məhkəmənin hökmündə qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində AR Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilsin.
Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun.
Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın.
Nurlan Şiraliyev