“Azərbaycan bir daha ədalətli mövqe ortaya qoyduğunu göstərmiş oldu” – Politoloq
“Əlbəttə ki, İsrail ilə Azərbaycan münasibətlərinin səviyyəsi o dərəcədə köklü və yüksək xətlə inkişaf edir ki, o dərəcədə dərin münasibətlərimiz var ki, artıq İsraildə səfirliyin açılması məsələsi sadəcə an məsələsi idi. Biz gözləyirdik ki, bu səfirlik tezliklə açıqlacaq. Və eyni zamanda burada əsas çəkindirici faktorlardan biri İran idi”.
Bu fikirləri 32gun.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Politoloq qeyd edib ki, İran daimi olaraq Azərbaycanı İsraillə yaxın münasibətlərinə görə təhdid edirdi.
“İran faktoru daimi olaraq Azərbaycanın İsraillə münasibətlərinə qısqanclıqla yanaşırdı. Məhz buna görə də, biz İranı qıcıqlandırmamaq üçün uzun illər boyu İsraildə diplomatik nümayəndəlik, səfirlik səviyyəsini qaldırmamışdıq. Ancaq İranın Azərbaycana qarşı düşmən münasibəti, xüsusilə son dövrdə artan düşmənçilik siyasəti, Azərbaycan sərhədlərində açıq hərbi təlimlərin keçirilməsi, Azərbaycan sərhədlərindən Araz çayında hərbi təlimlərin keçirilməsi onu göstərdi ki, İran heç bir halda Azərbaycanla dost münasibətləri saxlamağa maraqlı deyil. Eyni zamanda, İranın Qafanda konsulluq açması bardağı daşıran sonuncu damla oldu və biz İsraildə səfirlik açmaq qərarımızı yekunlaşdırdıq. Aydın məsələdir ki, səfirlik Tel-Əvivdə olacaq. Çünki Azərbaycan Türkiyənin, Pakistanın və ərəb dövlətlərinin də ilə olan xoş münasibəti saxlamağa çalışacaq. Eyni zamanda balans qorumaq üçün Azərbaycan təktərəfli ədalətsiz mövqe ortaya qoymadığını göstərmək üçün həm də Fələstində bir nümayəndəlik açılacaq. Bununla biz İrandan fərqli olaraq yenə də istənilən məsələdə ədalətli mövqe ortaya qoyduğumuzu göstərmiş olduq. Çünki İran Qafanda konsulluq açıb bizi müharibə ilə təhdid edir. Biz isə həm İsraildə səfirlik, həm də Fələstində daimi nümayəndəlik açmış olduq”.
Fateh