SİYASƏT

"Ermənistan sülhə dağıdıcı  və forpost missiyasını yerinə yetirmək kimi yanaşır"

44 günlük Qarabağ savaşının üzərindən 4 il ötməsinə baxmayaraq Azərbaycan Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırsa da, rəsmi İrəvan sanki prosesdən yayınmağa çalışır. Bu isə tərəflər arasında yeni savaşın başlanacağı ilə bağlı mülahizələrə səbəb olub. 

Azərbaycanla Ermənistan arasında yeni savaş başlaya bilərmi? Bu nə dərəcədə real görünür?
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli baş verənləri 32gun.az-a şərh edərkən bildirib ki, sülh müqaviləsinin yaranması hələ davamlı sülhə nail olmaq demək deyil. Onun sözlərinə görə, tarixdə sülh müqaviləsi imzalayaraq vaxt qazanıb rəqidini darmadağın edən faktlara çox rast gəlinir. "İndi Ermənistan da tələsik sülh müqaviləsi imzalamağa çalışır. Ancaq bunun ardında ciddi şəkildə silahlandığını müşahidə edirik. Əgər doğrudan da Ermənistanın əsas niyyəti Azərbaycanla səmimi olaraq sülh müqaviləsi imzalamaqdırsa, bəs niyə silahlanmaya bu qədər vəsait ayırır. Bu onu göstərir ki, hər şey heç də göründüyü kimi deyil. Buna görə də Azərbaycan tərəfi sülh müqaviləsində nəzərdə tutulan bütün bəndlər razılaşdırıldıqdan sonra müqavilənin imzalanacağını bəyan edir", - deyə Mütəllim Rəhimli əlavə edib.
O daha sonra qeyd edib ki, əgər indidən Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, sülh müqaviləsi imzalandıqdan sonra onun dağıdıcı hərəkətlər törətməyəcəyinə kim qarantiya verəcək?! 
Mütəllim Rəhimli deyib ki, müharibədən məğlub çıxmış Ermənistan halbuki indi özünü daha itaətkar aparmalı idi: "Sülh müqaviləsinin imzalanmasına və onun şərtlərinin müəyyənləşdirilməsinə Azərbaycan daha səmimi yanaşır. Həm də öz hərəkətləri ilə iki ölkə arasında sülhün qorunmasında, regionda sabitliyin saxlanılmasında maraqlı olduğunu göstərir. Belə ki, Ermənistanla aparılan müharibə zamanı ordumuzun qalib gəlməsinə baxmayaraq bir addım da olsun Ermənistanın ərazisinə daxil olmadıq. Yalnız öz ərazilərimizin düşməndən təmizlənməsini həyata keçirdik. 
Bütün bunlar onu göstərir ki, sülh müqaviləsinin mahiyyətinə yanaşmada Azərbaycanla Ermənistan arasında böyük fərq var. Azərbaycan bu müqaviləyə gələcəkdə dinc yanaşı yaşamaq, regionda nizamın qorunması kimi baxır. Ermənistan isə sülh müqaviləsinə yenidən dirçələrək dağıdıcı  və forpost missiyasını yerinə yetirmək kimi yanaşır". 
Mütəllim Rəhimlinin fikrincə,  Azərbaycanın sülh müqaviləsinə bu qədər həssas yanaşmasının əsas səbəbi budur ki, gələcəkdə Ermənistan kənar qüvvələr tərəfindən qızışdırılaraq pozucu mövqedən çıxış edə bilməsin: "Biz hazırda Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırıldığını müşahidə edirik. Bu silahlar gələcəkdə istifadə olunmaq ehtimalı yüksəkdir. Azərbaycan da istəyir ki, sülh müqaviləsindən kənarda müharibə üçün nə nəzəri, nə də praktiki əsaslar qalmasın. Bu çox təqdirəlayiq addımdır. Regionda sabitliyin davamlı olması üçün bura kənar qüvvələrin müdaxiləsinin qarşısı alınmalıdır. Ancaq təəssüf ki, Qərb, xüsusilə Fransa öz maraqları naminə Ermənistandan istifadə edərək bölgədə geosiyasi maraqlarını reallaşdırmağa çalışır".

Aygün İlqarqızı 

Oxşar Xəbərlər