
ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri müəyyən ediblər ki, quru hava tənəffüs yollarının susuzlaşmasına və iltihaba səbəb ola bilər.
32gun.az bildirir ki, bu barədə Communications Earth & Environment (CEE) jurnalında dərc olunan araşdırmada bildirilir.
Tədqiqatçılar qeyd edirlər ki, Yer kürəsində orta temperaturun artması ilə nisbi rütubət sabit qalsa da, su buxarının qismən təzyiqində (PDV) artım baş verir. Bu göstərici havanın nə qədər "suya ehtiyacı" olduğunu ifadə edir. Yüksək PDV suyun buxarlanma sürətini artıraraq həm təbii ekosistemlərdə, həm də insanın tənəffüs yollarında susuzlaşmaya səbəb olur.
Araşdırma çərçivəsində alimlər quru havanın insan bronx epitel hüceyrələrinə təsirini öyrəniblər. Quru havaya məruz qalan hüceyrələrdə selikli qişanın nazikləşdiyi və iltihab göstəricisi olan sitokin zülallarının səviyyəsinin yüksəldiyi müşahidə edilib.
Heyvanlar üzərində aparılan təcrübələr də bu nəticələri təsdiqləyib. Bir həftə ərzində quru havaya məruz qalan siçanlarda ağciyərlərdə iltihab əlamətləri qeydə alınıb. Nəm havada saxlanılan siçanlarda isə belə reaksiyalar müşahidə olunmayıb. Xüsusilə quru tənəffüs yollarına meyilli olan siçanlarda daha güclü iltihab əlamətləri qeydə alınıb ki, bu da xroniki tənəffüs xəstəlikləri üçün xarakterikdir.
Alimlər hesab edirlər ki, XXI əsrin ortalarına qədər ABŞ-ın böyük hissəsi temperatur artımı və havanın quruması səbəbindən tənəffüs yollarının iltihabı riski ilə üzləşəcək. Bu da xroniki öskürək, allergik rinit və astma kimi xəstəliklərin sayının artmasına səbəb ola bilər.
“Bu kəşf tibb sahəsində anlayışlarımızı dəyişir. Selikli qişaların susuzlaşması artıq insan sağlamlığı üçün ciddi təhlükə yaradır və qlobal istiləşmə ilə bu problem daha da dərinləşəcək,” — deyə araşdırmanın həmmüəllifi, Con Hopkins Universitetinin Vilmer Göz Cərrahiyyəsi İnstitutunun oftalmologiya professoru Castin Heyns bildirib.
Alimlər tənəffüs yolları və selikli qişaların susuzlaşmadan qorunması üçün yeni metodların hazırlanmasının vacibliyini vurğulayıblar. Onların fikrincə, həyat tərzi dəyişikliyi, hava nəmləndiricilərindən istifadə və terapevtik həllərin inkişafı quru havanın sağlamlığa mənfi təsirini azaltmağa kömək edə bilər.
Ayxan
.
.
.
.