DİGƏR ÖZ XƏBƏR

Alimlər tullantılardan gümüş çıxarmaq üçün yeni ekoloji üsul hazırlayıblar

Finlandiyanın Helsinki və Yyväskylä universitetlərinin alimləri tullantılardan gümüş çıxarmaq üçün yeni, ekoloji cəhətdən təhlükəsiz metod hazırlayıblar.

32gun.az bildirir ki, tədqiqatın nəticələri nüfuzlu Chemical Engineering Journal (CEJ) elmi nəşrində dərc olunub.

Mövcud texnologiyalar gümüşün bərpası üçün tez-tez ətraf mühitə zərərli olan aqressiv kimyəvi maddələrdən istifadə edir. Finlandiyalı alimlərin təklif etdiyi metod isə istifadə olunmuş bitki yağlarında olan yağ turşularına əsaslanır. Olein və linolein kimi yağ turşuları zəif hidrogen peroksidlə birləşdirilərək effektiv qarışıq yaradır və bu qarışıq gümüşü əridir. Daha sonra xüsusi reaktor və işıq köməyi ilə təmiz formada gümüş əldə edilir.

Tədqiqatçılar bildiriblər ki, onların məqsədi – xüsusilə də mürəkkəb tərkibli tullantılardan ucuz və davamlı metal bərpası metodları yaratmaqdır.

Qeyd edək ki, gümüş elektronikadan tutmuş günəş panelləri və digər yüksək texnologiyalı sahələrdə geniş istifadə olunur. Lakin hal-hazırda dünyada istehsal olunan gümüşün cəmi 20 faizi təkrar emaldan əldə edilir. Eyni zamanda, təbii ehtiyatlar tükənir və son 25 ildə bu metalın qiyməti altı dəfə artıb.

Yeni texnologiya həm resurs çatışmazlığı problemini həll edir, həm də təhlükəsiz alternativ təqdim edir: yağ turşuları toksik deyil, bioloji parçalanandır və gümüş çıxarıldıqdan sonra yenidən istifadə oluna bilər.

Alimlər bu yanaşmanı “şəhər mədənçiliyi” üçün də perspektivli hesab edirlər. Yəni köhnə klaviaturalardan və digər elektron tullantılardan qiymətli metalların çıxarılması artıq daha asan və təhlükəsiz ola bilər.

Nilay 

Oxşar Xəbərlər