DİGƏR ÖZ XƏBƏR

Alkoqolun əks göstəriş olduğu ümumi bir xəstəlik AÇIQLANDI

Fransız alimlər: Alkoqol asılılığı və DEHB bir yerdə olarsa, həyat keyfiyyəti daha çox azalır

Fransanın Monpelye Universitetinin alimləri müəyyən ediblər ki, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB) ilə yanaşı alkoqol asılılığından əziyyət çəkən şəxslərdə həyat keyfiyyəti təkcə alkoqol problemi olanlara nisbətən daha çox aşağı düşür.

32gun.az bildirir ki, bu barədə Journal of Psychiatric Research (JPR) elmi jurnalında dərc olunan tədqiqatda qeyd edilib.

Tədqiqatda 206 nəfər alkoqol asılılığı olan şəxs iştirak edib, onlardan 40 nəfərinə eyni zamanda DEHB diaqnozu qoyulub. Eksperiment zamanı bütün iştirakçılar ən azı 7, ən çox 30 gün müddətində alkoqoldan uzaq qalıblar. Alimlər onların DEHB simptomlarını, həyat keyfiyyətini, impulsivliyi, emosional özünütənzimləmə strategiyalarını və idrak funksiyalarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, həm DEHB, həm də alkoqol asılılığı olan şəxslərdə həyat keyfiyyəti daha kəskin şəkildə pisləşib. Xüsusilə impulsivlik və emosiyaları idarəetmədə çətinlik çəkənlər bu vəziyyətdən daha çox əziyyət çəkib.

Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr klinik praktikada xüsusi əhəmiyyət daşıyır. Belə pasiyentlər üçün emosiyaların yatırılması deyil, onların effektiv tənzimlənməsi yollarını öyrədəcək terapevtik yanaşmalar hazırlanmalıdır.

Alimlər həmçinin qeyd ediblər ki, bu tədqiqat səbəb-nəticə əlaqəsini tam aydınlaşdırmasa da, DEHB olan şəxslərdə alkoqol asılılığının gedişinə dair mühüm anlayışlar təqdim edir və bu kateqoriyadakı pasiyentlərin fərdi xüsusiyyətlərinə uyğun müalicəyə ehtiyac olduğunu göstərir.

Nilay 

Oxşar Xəbərlər