İspaniyanın Madrid Universitetindən olan arxeoloqlar San-Lasaro mağarasında təəccüblü artefakt — insan üzünü xatırladan təbii oyuqlara malik qranit qaya aşkarlayıblar. Maraqlısı odur ki, bu daş üzərində yetkin neandertal kişisinə məxsus barmaq izi də qeydə alınıb. Yaşı təxminən 43 min il olan bu tapıntı Avropada indiyədək məlum olan ən qədim daşınabilən incəsənət nümunəsi ola bilər.
32gun.az bildirir ki, araşdırmanın nəticələri Archaeological and Anthropological Sciences jurnalında dərc olunub.
Təxminən 20 sm uzunluğundakı bu qeyri-adi daş, üzə bənzəyən formasına görə alimlərin diqqətini cəlb edib. Ən çox maraq doğuran isə “üz” hissəsində — burun yerində yerləşən qırmızı oxra ləkəsi olub. Məhkəmə-tibbi ekspertlər bu piqment izinin yetkin neandertal kişisinin barmağı ilə buraxıldığını təsdiqləyiblər.
“Bu nöqtənin yeri təsadüfi deyil — o, daşın təbii konturlarına mükəmməl uyğun gəlir. Bu, məqsədli hərəkətin sübutudur, təsadüfi ləkə deyil”, – deyə layihə rəhbəri David Alvares Alonso bildirib.
Alimlərin fikrincə, bu tapıntı neandertalların simvolik təfəkkürə malik olduqlarını sübut edir. Daşın üzərindəki işarə üç əsas qabiliyyəti əks etdirir: obrazları zehində canlandırmaq, niyyətli şəkildə ünsiyyət qurmaq və cansız obyektlərə məna yükləmək.
Tədqiqatçılar vurğulayırlar ki, əgər bu cür artefakt Homo sapiens tərəfindən hazırlanmış olsaydı, onun incəsənət nümunəsi olması heç kimdə şübhə doğurmazdı. Bu unikal tapıntı bir daha sübut edir ki, neandertallar müasir insanla müqayisə oluna biləcək yüksək abstrakt düşüncə qabiliyyətinə malik olublar.
Ayxan