Beynəlxalq tədqiqatçılar komandası son 20 il ərzində Ümumdünya okeanının beşdə birindən çoxunun — təxminən 75 milyon kvadrat kilometrinin — əhəmiyyətli dərəcədə qaraldığını müəyyənləşdirib. Bu, okeanın fotik zonası adlanan, Günəş və Ay işığının nüfuz etdiyi təbəqədə baş verən dəyişikliklərlə bağlıdır.
32gun.az xəbər verir ki, tədqiqat Global Change Biology (GCB) jurnalında dərc olunub.
Fotik zona okean həyatında əsas rol oynayır: bütün dəniz canlılarının 90%-ə qədəri məhz bu işıqlı təbəqədə yaşayır. Burada işıq yalnız fotosintezə deyil, həm də canlıların davranış ritmlərinə təsir edir. Su qatı qaranlıqlaşdıqca bu mexanizmlər pozulur və canlılar öz həyat mühitlərini itirirlər.
2003–2022-ci illər ərzində Ümumdünya okeanının 21%-i nəzərəçarpacaq dərəcədə qaralıb. Dəyişikliklər həm sahil sularında, həm də açıq okeanlarda müşahidə olunub. 9% ərazidə fotik zonanın dərinliyi 50 metrdən çox, 2,6% hissədə isə 100 metrdən çox azalıb. Bu isə dəniz canlıları üçün həyati əhəmiyyət daşıyan işıqlı sahələrin böyük ölçüdə itməsi deməkdir. Maraqlıdır ki, okean səthinin təxminən 10%-i isə əksinə, daha işıqlı hala gəlib. Bu, okeandakı proseslərin mürəkkəb və dinamik xarakter daşıdığını göstərir.
Qaranlıqlaşmanın səbəbləri fərqlidir. Sahil sularında bu, torpaqdan okeana axan gübrələr, üzvi maddələr və çökəklərlə bağlıdır. Güclü yağışlardan sonra bu axın daha da güclənir. Açıq okeanda isə əsas səbəblər suyun temperaturunun artması və yosunların çiçəklənməsi proseslərindəki dəyişikliklərdir ki, bunlar da suyun şəffaflığını azaldır.
Alimlər dəniz ekosistemlərinin qorunması üçün daha diqqətli monitorinqə və suyun qaranlıqlaşması kimi az nəzərə çarpan təhlükələrin də nəzərə alındığı strategiyaların hazırlanmasına çağırırlar.
Ayxan