Cənubi Avstraliya Universitetinin alimləri indiyədək aparılmış ən genişmiqyaslı təhlil nəticəsində müəyyən ediblər ki, müntəzəm fiziki aktivlik istənilən yaşda və sağlamlıq vəziyyətindən asılı olmayaraq insanın zehni funksiyalarını yaxşılaşdırır.
32gun.az bildirir ki, tədqiqatın nəticələri nüfuzlu British Journal of Sports Medicine (BJSM) jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər 133 sistematik icmalın məlumatlarını təhlil ediblər. Bu icmallar 2700-dən çox klinik sınaq və 7-89 yaş aralığında 258 min iştirakçını əhatə edib. Məlum olub ki, hətta yüngül və orta səviyyəli fiziki fəaliyyət yaddaş, diqqət, düşünmə və özünüidarə bacarığına müsbət təsir göstərir.
Ən güclü effekt uşaqlar və yeniyetmələrdə müşahidə edilib – onların yaddaşı və icraedici funksiyaları yaxşılaşıb. Diqqət əskikliyi və hiperaktivlik sindromu (SDAH) olan insanlarda isə diqqəti toplama bacarığında nəzərəçarpacaq inkişaf qeydə alınıb. Xüsusilə rəqs, yoqa və hərəkətli oyunlar kimi həm fiziki, həm də zehni fəallıq tələb edən məşğələlər daha böyük effekt verib.
Təəccüblü məqamlardan biri isə odur ki, ən yaxşı nəticələr 1-3 aylıq proqramlar zamanı əldə olunub. Əlavə olaraq, məşqlərin intensivliyinin – yəni yüngül və ya orta səviyyədə olmasının – effektivliyə ciddi təsiri aşkarlanmayıb. Bu da fiziki aktivliyi yaşlılar və azhərəkətli insanlar üçün də əlçatan və tövsiyə olunan edir.
“Sadə gəzinti və ya yoqa kimi yüngül məşqlər belə yaddaş və diqqət daxil olmaqla beyin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər,” – deyə tədqiqatın aparıcı müəllifi doktor Ben Sinqh bildirib.
Alimlər vurğulayıblar ki, fiziki aktivlik dərmansız şəkildə beyin sağlamlığını qorumağın sadə və əlçatan yoludur. Bu nəticələr gələcəkdə hərəkətə əsaslanan genişmiqyaslı profilaktik proqramların həyata keçirilməsi üçün əsas yaradır.
Nilay