
Azərbaycanlı qadın pilotun 1936-cı ildə Stalinə Azərbaycan türkcəsində müraciəti gündəm olub.
1936-cı ilə aid arxiv görüntüləri sosial şəbəkələrdə yenidən paylaşılaraq geniş müzakirələrə səbəb olub.
32gun.az xəbər verir ki, kadrlarda azərbaycanlı qadın pilot Sona Nuriyeva Sovet lideri İosif Stalinə və digər partiya rəhbərlərinə Azərbaycan türkcəsində müraciət edir. O, çıxışında Azərbaycan əməkçiləri adından danışaraq fikirlərini cəsarətlə ifadə edir.
Sona Nuriyevanın Stalin və funksionerlərlə doğma dildə danışması tarixi baxımdan nadir səhnə kimi qiymətləndirilir. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial mediada geniş yayılıb.
Bu tarixi çıxış Sona Nuriyevanın yalnız şəxsi cəsarətini deyil, həm də milli kimliyini qorumaq və ifadə etmək gücünü göstərir. O, ilk qadın pilotlardan biri olmaqla yanaşı, vətənpərvər mövqeyi və ictimai nüfuzu ilə də seçilən simalardan biri kimi tarixdə iz qoyub.
Qısa xatırlatma:
Sona Nuriyeva – Azərbaycanın ilk qadın pilotlarından biri olub. 1915-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Uçuş təhsilini Bakı Aeroklubunda və Bataysk Uçuş Məktəbində alıb. 1930-cu illərdə SSRİ-də mülki aviasiyada fəaliyyət göstərib, müxtəlif bölgələrə uçuşlar həyata keçirib.
1936-cı ildə Sovet rəhbərləri qarşısında Azərbaycan türkcəsində etdiyi çıxışla yadda qalıb. O, həm də SSRİ Ali Sovetinə deputat seçilən ilk azərbaycanlı qadın pilotlardan biri olub. Sona Nuriyeva “Lenin” ordeni də daxil olmaqla bir sıra dövlət təltiflərinə layiq görülüb.
Ayaz
-->