SOSIAL ÖZ XƏBƏR

TÜGVA sədri Bakıda media nümayəndələri ilə görüşüb

Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Azərbaycana səfəri çərçivəsində bu gün yerli media nümayəndələri ilə görüş keçirib. Paytaxt Bakıda baş tutan görüş zamanı fondun fəaliyyəti, beynəlxalq təşəbbüsləri və Azərbaycanla nəzərdə tutulan ortaq layihələr barədə geniş məlumat verilib.

Görüşdə çıxış edən İbrahim Beşinci bildirib ki, TÜGVA-nın əsas məqsədi gənclərin inkişafına yönəlmiş layihələrə dəstək verməkdir. O qeyd edib ki, Azərbaycan Gənclər Fondu ilə əməkdaşlıq çərçivəsində ortaq düşərgə proqramının həyata keçirilməsi planlaşdırılır. Layihə iyul ayında start götürəcək və ilk mərhələdə Azərbaycandan 50-yə yaxın yeniyetmənin iştirakı nəzərdə tutulur.

“Bu sadəcə bir düşərgə deyil, iki ölkənin gəncləri arasında bilik, təcrübə və dostluq bağlarını gücləndirəcək platformadır. Eyni zamanda, təhsil və innovasiya sahəsində də geniş əməkdaşlıq imkanları açılacaq”, – deyə Beşinci vurğulayıb.

Media görüşü zamanı layihənin təfərrüatları, müraciət qaydaları və proqram mərhələləri barədə suallar cavablandırılıb. Qeyd olunub ki, layihəyə dair rəsmi məlumatlar həm TÜGVA-nın, həm də Azərbaycan Gənclər Fondunun sosial media hesablarında paylaşılacaq.

TÜGVA sədri çıxışı zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyə də toxunaraq, Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən yaşayış məhəlləsinin bu həmrəyliyin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə bir sıra yerli media qurumlarının təmsilçiləri iştirak edib.

Nilay 

Oxşar Xəbərlər