DİGƏR ÖZ XƏBƏR

Arıqlamağa kömək edən məşhur içki açıqlandı / BİLİRDİNİZMİ

Braziliyanın Kruzeiro-do-Sul Universitetinin alimləri yaşıl çayın piylənmə və maddələr mübadiləsinə təsiri ilə bağlı yeni nəticələr təqdim ediblər. Araşdırmaya görə, yaşıl çay ekstraktının uzunmüddətli istifadəsi siçanlarda bədən çəkisini azaldır, insulinə həssaslığı yaxşılaşdırır və piylənməyə xas əzələ toxuması pozuntularının qarşısını alır.

32gun.az xəbər verir ki, İş Cell Biochemistry & Function (CM&F) jurnalında dərc olunub.

Professor Rozemari Ottonun rəhbərlik etdiyi komanda artıq 15 ildən çoxdur yaşıl çayı araşdırır.

“Çayın arıqlatdığına dair mif həmişə maraqlı idi. İndi görürük ki, bu təsir realdır və dərin metabolik mexanizmlərlə bağlıdır”, – deyə alim bildirib.

Təcrübədə siçanlar əvvəlcə şokolad, peçenye və qatılaşdırılmış südlə qidalandırılıb. Daha sonra onların bir hissəsinə 12 həftə ərzində yaşıl çay ekstraktı (insan üçün təqribən üç fincana bərabər doza) verilib. Nəticədə bədən çəkisi azalıb, qlükozanın mənimsənilməsinə cavabdeh genlərin fəaliyyəti bərpa olunub, əzələ lifləri isə normal qalaraq atrofiyadan qorunub.

Araşdırmanın fərqli cəhəti ondan ibarət olub ki, siçanlar neytral temperaturda (28 °C) saxlanılıb. Adətən təcrübələr 22 °C-də aparılır, bu isə siçanlar üçün xroniki soyuq sayılır və özü-özlüyündə enerji sərfini artırır.

“Biz xarici amillərin təsirini istisna edib, çayın ‘təmiz’ effektini göstərmək istədik”, – deyə Otton vurğulayıb.

Alimlər həmçinin yaşıl çayın seçici təsirə malik olduğunu qeyd ediblər: o, arıq siçanların çəkisinə təsir etməyib, lakin köklərdə arıqlamağa kömək edib. Bu isə çayın aktiv maddələrinin məhz qida artıqlığı şəraitində işlədiyi hipotezini gücləndirir.

“Yaponiyada yaşıl çay gündəlik həyat boyu içilir və piylənmə səviyyəsi orada aşağıdır. Amma biz hələ yeni-yeni başa düşürük ki, bu içki orqanizmdə necə işləyir”, – deyə Otton əlavə edib.

Nilay 

Oxşar Xəbərlər