Azərbaycanlı dünya çempionu yeni imicdə və yeni layihədə - Onu heç belə görməmişdiniz (FOTO+VİDEO)
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Gündəliyi-2020” Komissiyası və “Space TV”nin birgə layihəsi olan “Qadın idmanda” televiziya proqramı martın 19-da 18:25-də nümayiş olunacaq.
MOK-un mətbuat xidmətindən 32gun.az-a bildiriblər ki, ayda iki dəfə tamaşaçıların görüşünə gələcək proqramda idmanda bərabər təmsilçilik, qadınların idmanda qarşılaşdıqları çətinliklər və digər suallara cavab axtarılacaq.
“Space TV”nin efirində yayımlanacaq veriliş bütün dünyada mövcud olan “qadın idmanda” mövzusunun Azərbaycan cəmiyyətinə məxsus cəhətlərini araşdıracaq. İnsanların inandığı, tanıdığı məşhurlar vasitəsilə idmanın gözəlliyinə və əslində bunun qadını da gözəlləşdirə biləcəyinə diqqət çəkiləcək.
“Qadın idmanda” verilişində peşəkar idmançı, Dünya və Avropa çempionatının mükafatçısı taekvondoçu Fəridə Əzizova özünü aparıcı kimi sınayacaq. Verilişin ilk buraxılışının qonağı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə olacaq.
Qeyd edək ki, “Olimpiya Gündəliyi-2020” Komissiyası 2014-cü ildə qəbul olunub. Komissiya ötən il yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Xatırladaq ki, Fəridə Əzizova birinci uğurunu 2007-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində qazanıb. O, gənclər arasında Avropa Çempionatının bürünc medalını qazandı. 2008-ci ildə isə Fəridə Əzizova yeniyetmələr arasında Dünya çempionu olub. Növbəti il isə Fəridə Əzizova Serbiyanın paytaxtı Belqrad şəhərində gənclər arasında Avropa Çempionatında qızıl, Trilleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatında isə bürünc medal qazanıb. 2012-ci ildə həmçinin Fəridə Əzizova Yay Olimpiya Oyunlatında lisenziya xarakterli yarışın qalibi oldu və London Olimpiadasına vəsiqə qazanıb. Tokio2020-nin də iştirakçısı olub.
Həmçinin o bir çox beynəlxalq yarışların qalibi və mükafatçısıdır.
Bildirək ki, Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taekvondoçu olub.


