MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Bakıda Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində məşhur aktyor və aktrisalarla görüş keçirilib

Bu gün Bakıdakı Yunus Emre İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi və "Yerli Düşüncə" Dərnəyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində “Gəlin tanış olaq” adlı tədbir baş tutub. Görüşdə tanınmış aktyorlar Hülya Koçyigit, Berk Oktay, Anıl Altan və aktrisa Duyqu Sönmez iştirak ediblər.

32gun.az xəbər verir ki, aktrisa Duyqu Sönmez çıxışında kino sahəsinin və aktyorların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, türk dünyası ölkələrində iştirak etməyin çox dəyərli olduğunu və bu tip tədbirlərin davamlı olacağına inandığını bildirib.

Aktyor Anıl Altan şəhidlərimizin xatirəsini ehtiramla yad edib. O, Azərbaycana ilk dəfə “Formula-1” yarışları ilə bağlı gəldiyini söyləyərək Bakının gözəlliyini vurğulayıb və burada özlərini yad ölkədə hiss etmədiklərini qeyd edib.

Berk Oktay da çıxışında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov başda olmaqla bütün şəhidlərimizi anıb. O, “Savaşçı” serialında Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından tanış olduğunu xatırladaraq, Bakıda olmaqdan qürur duyduğunu və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.

Türkiyə kinosunun sevilən aktrisası Hülya Koçyigit isə illərlə Azərbaycana gəlmək istədiyini, bu arzunun reallaşdığına görə özünü xoşbəxt hiss etdiyini vurğulayıb və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbir tələbə və müəllimlərin aktyor və aktrisalara ünvanladıqları suallarla davam edib.

Leyla 

Oxşar Xəbərlər