Sinqapurun Nanqyan Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, tünd şokolad əlavə edilmiş süd qısa məsafələrdə qaçış zamanı sürəti və dözümlülüyü artırır, həmçinin əzələlərin bərpasını sürətləndirir.
32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.
Təcrübədə 20 könüllü iştirak edib. Onlar tünd və ya ağ şokoladlı süd içdikdən sonra bir neçə qısa, intensiv qaçış seriyası yerinə yetiriblər. Nəticədə tünd şokoladlı süd qəbul edən iştirakçılar ikinci mərhələdə daha yaxşı göstəricilər nümayiş etdirib və daha az yorğunluq hiss ediblər.
Alimlərin izahına görə, bu təsir kakao tərkibindəki flavonoidlər — təbii antioksidantlarla bağlıdır. Flavonoidlər qan damarlarını genişləndirir, əzələlərə oksigenin çatdırılmasını yaxşılaşdırır və bununla da gücün daha uzun müddət qorunmasına, yorğunluğun azalmasına kömək edir. Onlar həmçinin orqanizmdə oksidləşmə stressini azaldaraq hüceyrələrin zədələnməsinin və bərpa prosesinin ləngiməsinin qarşısını alır.
Tədqiqatçılar bildirirlər ki, südün tərkibindəki şəkərlər və bioloji aktiv maddələrin birləşməsi fiziki yüklənmədən sonra enerjinin bərpasına kömək edir. Alimlərin sözlərinə görə, performansda cəmi 1 faizlik yaxşılaşma belə peşəkar idmançılar üçün əhəmiyyətli ola bilər. Üstəlik, tünd şokoladlı süd süni enerji içkilərindən fərqli olaraq aqressiv stimullaşdırıcı maddələr içərmir.
Ayaz