Bakı sakini uzun illərdir müştərisi olduğunu bildirdiyi “Baku Electronics” mağazalar şəbəkəsindən narazılıq edib.
32gun.az xəbər verir ki, Şikayətçi sosial şəbəkələrdə paylaşımlarında qeyd edib ki, o, sentyabr ayında iPhone 17 Pro Max modeli üçün sifariş verib və ödənişi rəsmiləşdirib. Lakin cihazın təhvil verilməsi dəfələrlə təxirə salınıb.
Onun sözlərinə görə, mağaza əvvəlcə telefonu bir həftə ərzində çatdıracağını bildirib. Daha sonra sifarişin hazır olduğu deyilsə də, sonradan məhsulun stokda olmadığı bildirilib. Müştəri iddia edir ki, mağaza əməkdaşları ona “məhsul məhduddur, kimə nəsib olsa, o alacaq” kimi izahlar veriblər.
Şikayətçi məsələ ilə bağlı “143” çağrı mərkəzinə də müraciət etdiyini, lakin nəticə əldə etmədiyini qeyd edib:
“İllərdir oradan alış-veriş edirəm, güvənirdim. Amma bu dəfə sifarişim dəfələrlə geri çevrildi. Telefonun qiymətinin dəyişdiyi deyilərək proses uzadıldı. Mənə izah edirlər ki, 5-6 ədəd gəlir, kimə düşdüsə, düşdü.”

32gun.az xatırladır ki, SAEID NAKHJAVANI uzun müddətdir “Baku Electronics” mağazalar şəbəkəsində direktor vəzifəsində çalışır, qanuni təmsilçisidir.
Onu da bildirək ki, "Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq” şirkətidir.
(Aşağıdakı Fotoda olan şəxs Behram Eromidir)

Yerli mediada gedən məlumatlara görə, "NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir.
Hazırda 35%-lik pay ilə "Bank of Baku”nun ən böyük səhmdarı "NAB Holdinq”dir.
Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.