ABŞ alimləri müəyyən ediblər ki, həyatda məqsəd və mənaya sahib olan insanlar yaşlandıqca yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi ilə daha az üzləşirlər.
32gun.az xəbər verir ki, tədqiqatın nəticələri American Journal of Geriatric Psychiatry (AJGP) jurnalında dərc edilib.
Yaş artdıqca yaddaş, diqqət və düşüncə sürəti kimi kognitiv funksiyalar təbii olaraq zəifləyir. Lakin bu proses hər kəsdə eyni sürətlə getmir. Stres, az hərəkətlilik, düzgün olmayan qidalanma və sosial təcrid beyin fəaliyyətinin pisləşməsinə təsir edən əsas amillər hesab olunur.
Miçiqan Universitetinin alimi Nikolas Hovardın rəhbərlik etdiyi tədqiqat qrupu insanların həyatdakı məqsəd hissinin yaşla bağlı kognitiv zəifləmədən qoruyub-qoruya bilməyəcəyini araşdırıb.
Tədqiqat Health and Retirement Study adlı milli araşdırmanın məlumatları əsasında aparılıb. Araşdırmaya müşahidələrin əvvəlində heç bir kognitiv pozuntusu olmayan 45 yaşdan yuxarı 13 765 nəfər daxil edilib. Onların psixoloji durumu, təhsili, depressiya riski və demensiya ilə əlaqəli APOE E4 gen variantı da nəzərə alınaraq 15 ilə yaxın müddətdə izlənilib.
Müşahidə dövründə iştirakçıların 13%-ində yaddaş və idrak zəifləməsi müşahidə olunub. Lakin həyatında daha yüksək məqsəd hissi olduğunu bildirən insanlarda belə problemlər 28% daha az qeydə alınıb — bu fərq genetik və sosial amillər nəzərə alındıqdan sonra belə qüvvədə qalıb.
Araşdırma müəllifləri bildiriblər:
“Həyatda məqsədi olan insanlar demensiya ilə daha az qarşılaşır və uzun müddət aydın düşünmə qabiliyyətini qoruyurlar. Bu hissin inkişaf etdirilməsi kognitiv pozuntuların qarşısını almaq üçün effektiv strategiya ola bilər.”
Nilay