Mədəniyyət Nazirliyi ilə bağlı ajiotajdan “uzlaşma və barış” variantı
Son vaxtlar Mədəniyyət Nazirliyi ətrafında yaranan ajiotajın ardından cəmiyyət 2 yerə bölünüb.
Aparılan diskussiyalardan belə görünür ki, cəmiyyətin böyük hissəsi yeni nazir Adil Kərimlinin şəffaf idarəetməsini, kadr islahatlarını və Milli-mədəni kimliyin təbliğini təqdir edir. Bu barədə isə daha öncə də yazmışdıq.

Cəmiyyətin fikrincə, nazir Adil Kərimli atdığı addımlarla milli mədəniyyətimizin təbliğində güzəştə getməyəcək, milli-mədəni təmsilçiliyimizi təsadüfi şəxslərə etibar etməyəcək.
Digər qrup isə sosial şəbəkələrdə müğənni və bloqer Nura Suri ilə həmrəylik göstərərək nazirliyin bəzi kadrlarını tənqid edir.

Açığı, Nura Suri bloqer məharətindən istifadə edərək cəmiyyətin tənqidi düşüncəyə malik hissəsini ustalıqla öz ətrafında toplaya bildi. Belə anlaşıldı ki, Nura Suri müğənnilər arasındakı ən yaxşı bloqer, bloqerlər arasındakı ən yaxşı müğənnidir.
Son günlərdə Mədəniyyət Nazirliyi ətrafında aparılan diskussiyalar bir həqiqəti də ortaya çıxartdı. Məlum oldu ki, nazirliyin fəaliyyətinin, gördüyü müsbət işlərin ictimaiyyətə, mediaya çatdırılmasında ciddi qüsurlar var. Bu sahəyə cavabdeh olan mətbuat xidməti yeni nazirin gəlişindən sonra Mədəniyyət Nazirliyinin apardığı vacib islahatları, dövlətimizin bu sahəyə diqqətini cəmiyyətə düzgün çatdırmaqda aciz qaldı.
Nura Suri bloqer fəaliyyəti ilə bir nazirliyin ictimaiyyətlə əlaqələr sahəsinə cavabdeh olan şəxslərindən daha "səmərəli" fəaliyyət göstərə bildi.
Belə olan halda elə Nura Surinin özünün Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində işləməsinə şərait yaradılması daha yaxşı olmazmı? Nuranın özü də deyir ki, o, müğənni kimi karyerasını başa vurub. Bu halda ingilislər demiş "win-win" (qazan-qazan) prinsipi ilə yola çıxmaq zamanı yetişməyibmi?

Mədəniyyət Nazirliyinin hazırkı mətbuat katibi Aynur Kərimovanı da işsiz qoymaq olmaz. Onun ziyalı və sakit təbiətini nəzərə alaraq öz fəaliyyətini kitabxana sektorunda davam etdirməsi daha faydalı olardı.
Mədəniyyət Nazirliyində öz işinin öhdəsindən gələ bilməyən digər kadrlar da daha uyğun şəxslərlə əvəz edilməlidir.
Öz yenilikçi, praqmatik və təşkilatçı xətti ilə seçilən Oleq Əmirbəyov mədəniyyət nazirinin müavini Murad Hüseynovu əvəz edə bilər. Murad Hüseynov isə Bakı Musiqi Akademiyasının prorektoru təyin edilə və Fərhad Bədəlbəylidən sonra təhsil müəssisəsinin idarəçiliyinə hazırlaşa bilərdi.


Eləcə də Mənzərxanım Nurəliyevanın adı qalmaqallardan düşməsə də, onun yaxşı mədəniyyət mütəxəssisi, o cümlədən təşkilatçı olması danılmaz faktdır. O, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri təyin edilsə, faydalı olardı və illərdir qazandığı təcrübəni Bakı şəhəri mədəniyyət obyektlərinin idarəetməsinin təkmilləşdirilməsinə sərf də bilərdi.

Kadr islahatları çərçivəsində nazirliyin ən mütərəqqi kadrlarından olan Mustafa Abbasbəyli aparat rəhbəri vəzifəsindən nazir müavini kimi davam etməsi faydalı olardı. Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev isə nazirliyin aparat rəhbəri təyin olunsa, icraçı təbiəti ilə potensialını reallaşdıra bilərdi.

Ən yaralı sahələrdən biri dövlət tədbirlərinə hansı müğənnilərin qatılmasıdır. Bunun xüsusi komissiya tərəfindən həyata keçirilməsi mütərəqqi olardı. Bu komissiyanın sədri isə Siyavuş Kəriminin təyin edilməsi cəmiyyət tərəfindən alqışlanardı. Siyavuş Kərimi Azərbaycanda musiqini ən çox anlayan insanlardan biridir. Onun belə bir komissiyaya rəhbərliyi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaqdır.

Beləliklə, cəmiyyətdə "konsertləri guya Mənzərxanım Nurəliyeva" edir spekulyasiyası da yekunlaşardı. Eyni zamanda Siyavuş Kəriminin potensialından geniş istifadə olunardı. Onun vəzifədən uzaqlaşdırılması hələ də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.


Mehriban Xanlarovaya da güzəşt edilib teatra qaytarılması cəmiyyətin gözləntiləri arasındadır. Akademik Dövlət Teatrında qalmaqallar səngimək bilər. Oraya xalq artisti Nurəddin Mehdixanlının təyinatı çox mütərəqqi olar, Mehriban Ələkbərzadə isə Oleq Əmirbəyovu müşavir vəzifəsində əvəz edərdi.

Cənab Nazir, mən Özal Məmmədov hər gün ictimaiyyət arasında olan və mədəniyyət sahəsində baş verən islahatları dəstəkləyən jurnalist və media rəhbəri kimi bunları qələmə alaraq bir vətəndaş kimi uzlaşma və barış variantı, o cümlədən ictimaiyyətin gözləntisi kimi bu məqaləni qələmə aldım.
Qalanı isə Allah Kərimdir!
Ozal MƏMMƏDOV
Sfera.az