Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda keçiriləcək üçüncü etimadsızlıq votumunun müzakirəsində şəxsən iştirak etməyəcək.
32gun.az bildirir ki, onun əvəzinə Avrokomissiyanı ticarət üzrə komissar Maroş Şefçoviç təmsil edəcək. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Arianna Podesta Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Podestanın sözlərinə görə, Avropa Parlamentində Avrokomissiyaya qarşı etimadsızlıq votumu üzrə debatlarda Komissiyanın istənilən üzvü iştirak edə bilər. Bu dəfə müzakirəyə çıxarılan etimadsızlıq votumu yalnız Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı (MERKOSUR) arasında imzalanmış azad ticarət sazişi ilə bağlıdır. Məhz bu səbəbdən debatlarda Avrokomissiyanı ticarət və institutlararası münasibətlər üzrə komissar Maroş Şefçoviç təmsil edəcək.
Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasına qarşı üçüncü etimadsızlıq votumu yanvarın 19-da Avropa Parlamentinin iclasında səsverməyə çıxarılacaq. Qərarın təşəbbüskarı Avropa İttifaqının MERKOSUR-la azad ticarət sazişi imzalamasına etiraz edən “Patriotlar” adlı parlament qrupudur.
Avropa İttifaqında aqrar lobbi və bir sıra sağ partiyaların fikrincə, bu saziş Avropanın kənd təsərrüfatı modelini təhdid edir. Belə ki, Cənubi Amerikadan daha ucuz məhsulların Avropa bazarına daxil olması yerli istehsalçıların sıxışdırılmasına səbəb ola bilər.
Qeyd edək ki, ötən il Avropa Komissiyasına qarşı irəli sürülmüş ilk iki etimadsızlıq votumu uğursuz olub. Həmin təşəbbüslər Avropa Parlamentində yetərli səs toplaya bilməyib və ən iri üç fraksiya ümumilikdə Ursula fon der Lyayeni dəstəkləyib.
Ayaz