DÜNYA

Lavrovdan Qərbə sərt ittiham: Rusiyaya qarşı müharibəni ukraynalıların “əlləri və bədənləri” ilə aparırsınız

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb, Avropa və Ukrayna ilə bağlı kəskin açıqlamalar verib.

32gun.az xəbər verir ki, Lavrov İranın “Dövlət radiosu” media korporasiyasına müsahibəsində bildirib ki, Moskvanın hazırkı Avropa rəhbərliyi ilə müzakirə edəcəyi heç bir mövzu yoxdur. Onun sözlərinə görə, Avropa bu gün nasist şüarları altında yenidən Rusiyaya qarşı müharibə aparır və bunu ukraynalıların “əlləri və bədənləri” hesabına həyata keçirir.

Nazir iddia edib ki, Avropa ölkələrində nasizmin dirçəlişi müşahidə olunur və qitə Rusiyaya qarşı Hitlerin və Napoleonun dövrlərində olduğu kimi yenidən birləşdirilir.

Ukrayna münaqişəsinin nizamlanması məsələsinə toxunan Lavrov qeyd edib ki, Avropanın bu prosesdə iştirak etmək üçün kifayət qədər imkanları olub. Onun fikrincə, Brüssel bu şansların hamısını bilərəkdən görməzdən gəlib və nəticədə özünü danışıqlar prosesindən kənarlaşdırıb.

Silahlara nəzarət mövzusunda danışan Rusiya XİN rəhbəri Qərbdə sağlam düşüncəli insanların bu mexanizmlərin bərpasına çağırış etdiyini bildirib və Rusiyanın da bu yanaşmanı bölüşdüyünü vurğulayıb. Eyni zamanda, Lavrov Qərb mediasında Rusiyaya guya etibar edilməməsi ilə bağlı yayılan fikirləri “boş və mənasız” adlandırıb. 

Oxşar Xəbərlər