NBA-nın müntəzəm mövsümü çərçivəsində keçirilən “Nyu-Orlean Pelikans” – “Finiks Sans” matçında qalmaqallı insident yaşanıb.
32gun.az xəbər verir ki, görüşün üçüncü hissəsində “Finiks”in hücumu zamanı “Pelikans”ın 183 sm boyunda olan müdafiəçisi Xose Alvarado 216 sm-lik “Sans”ın mərkəz oyunçusu Mark Uilyamsı itələyib. Hakimlər epizodu foul kimi qiymətləndirsələr də, bu qərar Alvaradonu qane etməyib. O, hakimə yaxınlaşaraq etiraz etmək istəyərkən, Uilyams onu arxadan itələyib.
Bundan sonra Alvarado “Sans” basketbolçusuna irad bildirərək ona tərəf dönüb. Cavab olaraq Uilyams onu bu dəfə sinəsindən itələyib. Alvarado rəqibinin formasından tutaraq özünə tərəf çəkib və nəticədə Uilyams əlini yelləyərkən onun dirsəyi Alvaradonun başına dəyib. Müdafiəçi də cavab olaraq rəqibinə yanaq nahiyəsindən zərbə endirib.
Yaşananlardan sonra hakimlər epizodu videoyazı vasitəsilə təkrar izləyiblər və nəticədə hər iki basketbolçunu meydandan kənarlaşdırıblar.
Qarşılaşma “Finiks Sans”ın 123:114 hesablı qələbəsi ilə başa çatıb.
Ayaz