ÖZ XƏBƏR

Uşaqlar daha çox ata, yoxsa ana ilə vaxt keçirməlidir?

Uşağın psixoloji inkişafında valideynlərlə qurulan münasibət həlledici rol oynayır.

32gun.az bu barədə araşdırma aparıb:

Ananın rolu - Atanın təsiri

Ana emosional təhlükəsizlik və qayğı mənbəyidir. Erkən yaş dövründə ana ilə vaxt uşağın psixoloji tarazlığını formalaşdırır.

Ata xüsusilə sosial bacarıqların və məsuliyyət hissinin formalaşmasında önəmlidir.

Oğlan və qız uşaqları üçün yanaşma

Mütəxəssislər hesab edir ki, hər iki valideyn balanslı şəkildə iştirak etməlidir.

Uşaq psixoloqu Aysel Kərimova 32gun.az-a bildirir: “uşaq üçün əsas məsələ kiminlə deyil, necə vaxt keçirməsidir. Sevgi və diqqət balansı qorunmalıdır”.

“Uşaq üçün əsas məsələ kiminlə deyil, necə vaxt keçirməsidir. Sevgi, diqqət və anlayış balansı qorunmalıdır. Valideynlər uşağı dinləməli, onun hisslərini ciddiyə almalı və daim dəstək olduqlarını hiss etdirməlidirlər. Əks halda, uşaqda özünə inamsızlıq, aqressiya və ya qapanıqlıq yarana bilər”.

Psixoloq vurğulayır ki, ana daha çox emosional bağlılıq və təhlükəsizlik hissi formalaşdırsa da, atanın rolu uşağın sosial mühitə uyğunlaşmasında və davranış modellərinin yaranmasında xüsusi əhəmiyyət daşıyır:

“Ata uşağa qaydalar, məsuliyyət və qərar vermə bacarığını öyrədir. Xüsusilə oğlan uşaqları üçün ata fiquru davranış nümunəsidir, qız uşaqları üçün isə gələcəkdə quracaqları münasibətlərin psixoloji modelini formalaşdırır”.

Aysel Kərimovanın sözlərinə görə, valideynlər arasında sağlam münasibət də uşağın psixoloji inkişafına birbaşa təsir edir:

“Valideynlər arasında tez-tez baş verən münaqişələr uşağın daxili dünyasında qorxu və gərginlik yaradır. Sağlam ailə mühiti uşağın həm emosional, həm də sosial inkişafının əsas şərtidir”.

Ekspert valideynlərə tövsiyə edir ki, uşağın yaş dövrünə uyğun yanaşma seçsinlər, cəza və təzyiq əvəzinə izah və dialoqa üstünlük versinlər. Bu yanaşma gələcəkdə psixoloji sağlam, özünə güvənən və sosial baxımdan aktiv fərdin formalaşmasına zəmin yaradır.

Nilay Özsöz

 

Oxşar Xəbərlər