Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından (rəsmi Karakas bunu “oğurluq” adlandırır) sonra ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodrigeslə əlaqə saxlayıblar.
32gun.az bildirir ki, bu barədə RİA Novosti-yə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Bildiyim qədərilə, əlaqələr olub”, – deyə Düjarrik agentliyin müvafiq sualına cavabında bildirib.
Lakin o, konkret olaraq kimlərin Rodrigeslə əlaqə saxladığını və danışıqların hansı mövzuda aparıldığını açıqlamayıb.
Qeyd edək ki, yanvarın 5-də Delsi Rodriges prezident Nikolas Maduro və onun həyat yoldaşının azad olunması üçün xüsusi komissiya yaradıb. Venesuelanın Ali Məhkəməsi isə mövcud prezidentin “oğurlanması” fonunda konstitusion asayişin qorunması zərurətini əsas gətirərək vitse-prezident Delsi Rodrigesi dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin edib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonun Venesuelanı keçid dövründə idarə edə biləcəyini, lakin Delsi Rodriges “ABŞ-ın iradəsinə tabe olacağı” halda buna ehtiyac qalmayacağını bəyan etmişdi. Buna cavab olaraq Rodriges Venesuelanın “heç kimin koloniyası olmayacağını” vurğulayıb, Nikolas Maduronun azad edilməsini tələb edib və respublikanın təbii sərvətlərini qoruyacaqlarını bildirib.
Ayaz