Hindistanda azyaşlı uşaq sahibsiz it sürüsünün hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
32gun.az bildirir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə bazar günü, yanvarın 4-də Hindistanın Karnataka ştatının Belqaum dairəsində baş verib. Zərərçəkənin yaxınlarının sözlərinə görə, iki yaşlı Əhməd yaşadığı evin yaxınlığında küçədə oynayarkən qəfil 7–8 baş sahibsiz itin hücumuna məruz qalıb.
İtlər uşağı sürüyərək bədəninin müxtəlif nahiyələrindən dəfələrlə dişləyiblər. Azyaşlının qışqırıqlarını eşidən qonşular hadisə yerinə qaçaraq itləri qovub və uşağı xilas ediblər. Hücum nəticəsində Əhməd ağır bədən xəsarətləri alıb.
Uşaq dərhal özəl xəstəxanaya çatdırılıb və hazırda müalicəsi davam edir. Həkimlər onun vəziyyətini ağır, lakin stabil kimi qiymətləndirirlər.
Yerli sakinlərin bildirdiyinə görə, son aylarda şəhərdə və ətraf ərazilərdə sahibsiz itlərin sayı ciddi şəkildə artıb. Onların sözlərinə görə, mövcud problemlə bağlı aidiyyəti qurumlar hələlik effektiv tədbirlər görmür.
Nilay