SİYASƏT ÖZ XƏBƏR

Millət vəkili sülhməramlıların fəaliyyətindən narazılıq etdi: "Ermənilərin əməllərinə göz yumublar"

"Davos İqtisadi Formunun göstəricilərinə görə Azərbaycan iqtisadi cəhətdən, digər meyarlarla inkişaf edən, iləriləyən dövlət statusunu artıq qazanıbdır"

Bu fikirləri millət vəkili Naqif Həmzəyev dövlət başçısı cənab İlham Əliyevin Davos Formundakı çıxışı ilə bağlı 32gun.az-a danışarkən səsləndirib:

Mütəmadi olaraq cənab prezident Davos formunda iştirak edir. Çünki bu platforma imkan verir ki, orada çox önəmli aktorlarla dövlət rəhbərləri, böyük korporasiyaların rəhbər şəxsləri ilə bir araya gəlmək mümkün olsun. 

Həmçinin bu platforma vasitəsi ilə Azərbaycan həqiqətlərini, ölkəmizə olan ikili standartların dəf edilməsi üçün doğru düzgün mesajların verilməsi və hədəfə çatacaq açıqlamaların səsləndirilməsi çox uğurlu olur. Bu baxımdan möhtərəm cənab prezidentin bu forumda iştirakı ancaq alqışlanmalıdır. Bildiyiniz kimi, Azərbaycan 44 günlük vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi, torpaqlarını işğaldan azad etdi. Qarabağ və Şərqi Zəngəzurda  təxirə salınmaz abadlıq-quruculuq işləri həyata keçirilir. 

Eyni zamanda Azərbaycan regionda uzunmüddətli sülhün və əmin-amanlığın təmin edilməsi üçün Ermənistana sülh təklifi ilə də çıxış edib. Ancaq təəssüflər olsun ki, Ermənistan hələ də üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmir. Mütəmadi olaraq problemin həllindən qaçır, vaxt qazanmaq istəyir, prosesləri öz həllinə dəyişmək istəyir. Bütün bunlarla yanaşı hazırda Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlar bir qrup separatçıların əsirinə çeviriliblər. Cənab prezidentin Davos Formundakı Laçın yolu ilə bağlı çıxışı lazımı dairələrə bir işarə olacaqdır. Onlar ikili standartlardan, separatçı qüvvələri dəstəkləməkdən əl çəkəcəkdir, anlayacaqlar ki, bura Azərbaycan torpaqlarıdır. Azərbaycanın suveren haqqıdır ki, burada istənilən prosesləri həyata keçirsin. 

Bütün bunlarla yanaşı cənab prezident bir çox önəmli şəxslərlə görüşlər keçirib. Burada əsas məqsəd Azərbaycanın  Avropa enerji təhlükəsizliyində oynadığı rol və bu prossesə yeni sərmayələrin cəlb edilməsidir.

Eyni zamanda Azərbaycanın Beynəlxalq platformalarda həyata keçirdiyi layihələrin dəstəklənməsi, həmçinin Azərbaycanda, xüsusi ilə də Qarabağ və Şərqi Zəngəzurda "Ağıllı Şəhər", "Ağıllı kənd" konsepsiyaların işlənməsi ilə bağlı Beynəlxalq təşkilatların, şirkətlərin məhz yeni həllərlə bağlı ölkəmizə dəstək göstərməsidir. Eləcə də Azərbaycanın alternativ enerji mənbələrinin işlənməsində və yeni Yaşıl Dəhliz vasitəsi ilə Avropaya nəqli ilə əlaqədar fikir mübadilələrinin aparılması əsas hədəflərdəndir. 

Bütün bunlarla yanaşı dünya ictimaiyyətini  bu ərazilərin minalardan təmizlənməsi probleminə yönəltməkdir. Cənab prezident demək olar bütün görüşlərində bu məsələni əsas gündəm məsələsi kimi mütləq səsləndirir. 

Bilirsiniz ki, biz hələ də ermənilərdən minalanmış ərazilərin düzgün xəritəsini ala bilməmişik. Bu da istər-istəməz Azərbaycanı əlavə xərcə salır və zaman itkisidir. Ərazilərdə mina təhlükəsinin olması oradakı abadlıq-quruculuq işlərini də müəyyən dərəcədə ləngidir. 

Humanitar dəstəyə ehtiyac var. Ərazisi ən çox minalanmış azsayda dövlətlərdən biri olsaq da təəssüflər olsun ən az dəstək də bizə göstərilib. Bu baxımdan da bu məsələlərin forumda səsləndirilməsi çox vacibdir.

- Artıq 40 gündən çoxdur Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edirBu aksiya qaneedicidirmi?

- Uzun illərdir Azərbaycan torpaqlarını talayan, ölkəmizin faydalı qazıntılarını qanunsuz olaraq istismar edən bu qruplar bu cinayətləri davam etdirirlər.  Azərbaycan ekofəallarının keçirdiyi etiraz aksiyası təəssüflər olsun ki, Ermənistan lobbisinin və havadarlarının da dəstəyi ilə tamamilə baş məcrada şərh edilməkdədir.

Bu aksiyanın tək və yeganə məqsədi talana son qoymaq, Azərbaycan ekologiyasının qorunmasıdır. Həmçinin bu ərazilərdə Azərbaycan monitorinq qrupunun müşahidələr aparılmasına icazə verilməsidir.

Təəsüflər olsun ki, uzun müddət ərzində bu yoldan Ermənistan tərəfi başqa məqsədlər üçün də istifadə edib - Minalar, silah-sursatlar daşıyıblar.  Kifayət qədər bununla bağlı faktlar var. 

Bu baxımdan da ekofəalların burada keçirdiyi aksiya demək olar ki, bu cinayətlərin qarşısını alıbdır.  Ancaq Laçın yolu humanitar məqsədlər üçün istifadəyə açıqdır. Əslində bu yolun işlək vəziyyətdə olmasının səbəbi budur. Ermənistan xüsusilə də separatçı qüvvəllərin öz məqsədləri üçün bu yolu istifadə etməsi, separatçıların əlini gücləndirməsi baş tutmayacaqdır.

- Həmkarlarınızdan Rəşad Mahmudov dekabrdakı iclasda "Bütün deputatlar bu aksiyaya qoşulmalıdır" demişdi. Bəs siz nə düşünürsüz bu barədə?

- Ekofəalların hərəkətə keçirdiyi etiraz aksiyası dinc aksiyadır, ekoloji fəlakətlərin və ekoloji talanın qarşısının alınması üçün həyata keçirilir. 

Bu bir siyasi aksiya olmadığı üçün bu aksiyaya hələ də digər siyasi şəxslər qoşulmayıbdır. Ancaq aksiya başlayan ilk gündən rəsmi olaraq mən öz dəstəyimi bildirmişəm. 

Sosial şəbəkələrdə bu aksiyaya qoşulmağımla bağlı fikrimi də çatdırmışam. Həmçinin bu aksiyanı dəstəkləyirəm. Zərurət yaranacağı təqdirdə mən də o aksiyada gedib iştirak etməyə hazıram. Eləcə də aidiyyatı qurumların bu səfəri təşkil edəcəyi təqdirdə məmnuniyyətlə bu aksiyaya qoşulacam.  Ancaq bir daha qeyd edirəm, bu siyasi aksiya olmadığı üçün düşünürəm ki, hələlik siyasi şəxslərin orada iştirakı bizim əlehimizə işləyə bilər.

Onsuz da bu aksiyaya müxtəlif don geyindirmək istəyən Ermənistan və onların havadarlarının əlinə biz yeni imkanlar vermiş olarıq.

Bu baxımdan ictimai fəalların, gənclərin, QHT nümayəndələrin bu aksiyanı davam etdirməsi daha məqsədə uyğun olar. 

Aksiya iştirakçılarına mən də öz növbəmdə təşəkkür edirəm ki, qarlı soyuq havada, risklər olmasına baxmayaraq bu aksiyanı keçirirlər.

Aksiya nəticəsində ermənilərin separatçı qüvvələrinin əməllərinin, terrorun qarşısı alındı.

Sülhməramlıların gördüyü işdən razısınız?

- Azərbaycan ərazilərində yerləşdirilən Rusiya sülhməramlılarının missiyası ermənilər yaşayan ərazi üzrə təhlükəsizliyi təmin etməkdir. Erməni separatçılar da burada var. Rusiya sülhməramlılarının mandatı müddətlidir. Yəni 5 ilin tamamında onlar bu əraziləri tərk edəcəklər. O baxımdan Rusiya sülhməramlılarının ermənilərə müəyyən dəstək göstərdiklərinin də şahidi olmuşuq. Bəli öz mandatlarına uyğun olmayan işlər həyata keçirirlər. Laçın yolu ilə separatçıların Ermənistana silah-sursat daşımasına, onların əməlinə göz yumublar. Ümumilikdə isə Rusiya sülhməramlıları müəyyən dərəcədə öz missiyalarını həyata keçirirlər.

Ancaq unutmamalıdırlar ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Həmçinin Azərbaycan silahlı qüvvələri bütün əməliyyat şəraitinə tam riayət edir və rus sülhməramlıları da zamanı gəldikdə bu əraziləri tərk edəcək. Təəssüflər olsun hələ də rus sülhməramlıları Azərbaycan monitorinq qrupunun xüsusi yataqlarda monitorinq aparmasına şərait yarada bilməyib.

Düşünürəm ki, gec-tez onlar bu missiyanı yerinə yetirməlidirlər. Onlar şərait yaratmalıdırlar ki, azərbaycanlı mütəxəssislər yataqlarda yoxlamalar keçirsinlər, Azərbaycan ekologiyasına vurulmuş ziyanı hesablasınlar. Həmçinin digər ərazilərdəki  rayonların, kənd və şəhərlərinin Azərbaycan vahid kommunal şəbəkəsinə qoşula bilməsi üçün lazımı işləri həyata keçirsinlər. Çünki gec-tez bu ərazilər də ölkəmizin aidiyyatı qurumlarının nəzarətində olmalıdır. Bu ərazilərdə də Azərbaycan qanunları işləməlidir. Bu ərazilərdə Azərbaycan xüsusi qurumlarının xidmətləri  işə düşməldiir.  Bu baxımdan da bu fəaliyyət bərpa edilməlidir. Düşünürəm ki, Rusiya sülhməramlıları da öz mandatlarının nədən ibarət olduğunu anlayacaqlar. Ən əsası isə bu ərazilərdən qanunsuz erməni silahlı dəstələrinin, separatçı qüvvələrin çıxarılmasını təmin edəcəklər. 

Nilufər 

Oxşar Xəbərlər